AZ

Amerikalı akademik: Azərbaycanın regional liderlikdə aktiv rol oynaması dövrünün şəfəqi yüksəlməyə başlayır - MÜSAHİBƏ

AZƏRTAC Mərkəzi Asiya-Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqatları Proqramının sədri və təsisçisi, Con Hopkins Universitetinin Nitze Beynəlxalq Araşdırmalar Məktəbinin professoru, Amerika Xarici Siyasət Şurasının baş elmi işçisi, Oberlin Kollecinin və Aspen İnstitutunun keçmiş prezidenti, Mərkəzi Asiya və Asiya ölkələrinin tarixi və konfessiyaları üzrə ekspert Stiven Frederik Star ilə müsahibəni təqdim edir.

- Siz Azərbaycanın Avrasiya regionunda enerji və logistika mərkəzi kimi rolunu necə qiymətləndirirsiniz?

- Artıq Azərbaycanın enerji və logistika mərkəzi kimi rolu əhəmiyyətlidir və mən şübhə etmirəm ki, onun önəmi artacaq. Lakin məsələnin həqiqi, daha dərin mahiyyəti bundan genişdir: Azərbaycanın suveren dövlət kimi rolu nədir və bu yalnız özü üçün yox, həm də daxil olduğu region kontekstində necədir? Bu mürəkkəb dövrlər əslində ölkə üçün yeni bir qızıl dövrün başlanğıcı ola bilər. Bakı təkcə regionda “solo ifaçı” kimi deyil, həm də Qafqazda və Mərkəzi Asiyada müxtəlif suveren dövlətlərin “səs xorunun” görkəmli və hörmətli üzvü kimi çıxış edə bilər. Başqa sözlə, söhbət yalnız logistikadan getmir. Logistika bir vasitədir, məqsəd özü deyil. Həqiqi məqsəd odur ki, Azərbaycan güclü və suveren dövlət kimi möhkəmlənsin, regional koordinasiya və liderlikdə aktiv rol oynasın. Mən əminəm ki, belə bir dövrün şəfəqi artıq yüksəlməyə başlayır və bunu alqışlayıram.

Qeyd etmək istəyirəm bu cür inkişaf heç kimə zərər vermir. Əgər kimsə, o cümlədən sizin şimal qonşunuz, düşünürsə ki, bu onlara qarşıdır, böyük səhvdir. Azərbaycanın regional rolunun güclənməsi labüddür və bu, bütün region üçün xeyirli olacaq.

- Sizin “Lost Enlightenment” (“İtirilmiş Maarif”) kitabınızda nəqliyyat dəhlizlərinin önəmi vurğulanır. Siz Azərbaycanın Orta Dəhliz çərçivəsində potensialını necə qiymətləndirirsiniz? Bu marşrutun inkişafı ölkənin tranzit rolunun güclənməsi üçün hansı imkanlar açır?

- Orta Dəhliz həm Şərq, həm də Qərbə əhəmiyyətli faydalar gətirəcək. Lakin mənim fikrimcə, yalnız bu istiqamətlə məhdudlaşmaq düzgün deyil. Biz həm də cənuba uzanan, Hind altqitəsi və Cənub-Şərqi Asiyaya aparan böyük dəhlizdən danışmalıyıq. Xatırladım ki, Bakı yaxınlığında çoxəsrlik Hind ticarət məntəqəsinin qalıqları qorunub saxlanıb. Niyə o mövcud idi? Çünki Hind tacirləri Bakıda, Bakı tacirləri Hindistanda bir zamanlar canlı və dinamik mübadilə şəbəkəsinin parçası idilər. Bu tarix aydın göstərir ki, bir vaxtlar Əfqanıstan ərazisindən aktiv və nizamlı daşımalar, kommunikasiya axını mövcud olub. Belə bir marşrutun bərpası həqiqətən böyük və əhəmiyyətli imkan olardı. Bu baxımdan Azərbaycan qonşuları — Qafqaz ölkələri ilə, həmçinin, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Tacikistanla əməkdaşlıq edərək əhəmiyyətli rol oynaya bilər. Bu cazibədar və ilhamverici perspektivdir, lakin eyni zamanda mürəkkəb siyasi, təşkilati və iqtisadi çağırışlarla bağlıdır. Belə çağırışlar liderlik tələb edir. Mən əminəm ki, Azərbaycan bu müzakirədə daha görünən mövqe tutmalıdır. Əslində, Azərbaycan “Böyük Mərkəzi Asiya” adlandırıla biləcək regionun bir hissəsidir. Bu statusla o, cənuba — Əfqanıstan, Pakistan və İrana, sonra isə Hindistana və bütün Cənub-Şərqi Asiyaya uzanan nəqliyyat dəhlizinin açılmasında açar rol oynaya bilər.

- Cənubi Qafqaz ölkələri üçün qlobal tədarük zəncirlərinin yenidən qurulması kontekstində hansı iqtisadi riskləri və imkanları görürsünüz? Region Rusiya, Çin və ABŞ-dən asılı olmayaraq öz iqtisadi modelini yarada bilərmi? Sizcə, bölgədə həqiqi iqtisadi inteqrasiyanın katalizatoru nə ola bilər?

- Bu gün Cənubi Qafqazı vahid bütöv kimi — yəni Azərbaycan, Ermənistan və Gürcüstanı birgə — nəzərdən keçirmək üçün tədricən böyük imkan yaranır. Bu, böyük ölçüdə Azərbaycanla Ermənistan arasında münasibətlərdə həqiqi irəliləyişin baş verməsi ilə mümkün olub. Əlbəttə, bu proses hələ tamamlanmayıb, lakin hər iki tərəf səmimi niyyət və konstruktiv yanaşma ilə vacib addımlar atıb. Lakin bu irəliləyişdən kənarda, heç də az əhəmiyyətli olmayan bir məsələ də var — Qafqaz daxilində müntəzəm dialoqun qurulması. Mən əminəm ki, bu gün regionun qarşısında duran əsas məsələlərdən biridir: Azərbaycan, Ermənistan və Gürcüstan arasında strukturlaşdırılmış və daimi ünsiyyət formatının yaradılması. Bu, o demək deyil ki, Azərbaycan digər iki ölkənin hökumət siyasətini təsdiqləməlidir və ya əksinə. Lakin onların hamısı başa düşməlidir ki, birgə çalışaraq, ayrı-ayrı, izolyasiya olunmuş “solo ifaçı” kimi fəaliyyət göstərdiklərindən daha böyük nəticələr əldə edə bilərlər. Bərpaolunan daxili əlaqələr, Türkiyə, İran, Ukrayna, ABŞ və Rusiya daxil olmaqla, ətraf dövlətlərlə yeni əməkdaşlıq formatlarının əsasını qura bilər. Belə bir müntəzəm regional dialoq qurulduqda, məsələn, bütün əsas qlobal maliyyə oyunçularının dəstəkləyəcəyi Regional inkişaf bankının yaradılması barədə düşünmək mümkün olacaq. Belə bir institut hər iştirakçı üçün faydalı olar. Məsələn, prioritet olaraq dağlıq ərazilərin inkişafını əhatə edə bilər. Bu, Qafqazın üç ölkəsi üçün ümumi çağırışdır, çünki bu ərazilər hələ də nisbətən az inkişaf edib. Regional inkişaf bankı oxşar problemlərin çoxuna konkret və praktik həllər təklif edə bilər.

İmkanlar həqiqətən böyükdür. Azərbaycan və qonşuları Qafqazda dönüş nöqtəsindədirlər. Bu irəliləyişdə Azərbaycan və Ermənistanın müdrik rəhbərliyinin böyük rolu var. Lakin qeyd etmək lazımdır ki, bu prosesə xarici faktorlar da təsir edib.

- Zəngəzur dəhlizinin Cənubi Qafqazın regional inteqrasiyası kontekstində iqtisadi əhəmiyyətini necə qiymətləndirirsiniz? Sizcə, bu nəqliyyat marşrutunun reallaşmasından Azərbaycan, Ermənistan və onlara qonşu ölkələr hansı konkret iqtisadi faydaları əldə edə bilər?

- Bu, çox müsbət bir addımdır. Lakin bütün region üçün böyük potensiala malik olan yeni dəhlizdən iqtisadi faydalar əldə edilməsindən əvvəl, Bakı və İrəvanın Tehrandan olan reaksiyanı aradan qaldırması lazım olacaq. Mən, həmçinin Moskvanı da bura daxil edərdim.

- Dəyişən geosiyasi vəziyyəti nəzərə alaraq, Azərbaycan, Mərkəzi Asiya və Avropa İttifaqının enerji əməkdaşlığının genişlənməsi perspektivlərini necə qiymətləndirirsiniz?

- Çağırışlar nə qədər ciddi olsa da, bu proses qaçılmazdır və prosesi mümkün edən müdrik rəhbərliyə görə iştirak edən bütün ölkələr təbrikə layiqdir. Bu əməkdaşlıqda iştirak edən ən böyük beynəlxalq korporasiyalar da tərifə layiqdir.

Seçilən
3
2
azerbaijan-news.az

3Mənbələr