AZ

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri  necə gedir?

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri geniş miqyasda davam etdirilir. Ermənistanın uzun illər ərzində dağıtdığı yaşayış məntəqələri hazırda yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin bölgəyə mütəmadi səfərləri görülən işlərin gedişinə dövlət səviyyəsində göstərilən yüksək diqqətin bariz nümunəsidir. Bəs işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri necə gedir?
Moderator.az-a danışan Millət vəkili Vüqar Bayramov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri intensiv şəkildə davam edir.  Millət vəkili qeyd edib ki, ötən həftə Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Ağdərədə öz doğma yurdlarına qayıdan sakinlərlə görüşdülər:
 
 “Bu görüş bir daha təsdiq etdi ki, keçmiş məcburi köçkünlər yaxın zamanda ata-baba torpaqlarına daha geniş miqyasda qayıdacaqlar.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda 50 mindən artıq vətəndaşımız yaşayır və işləyir. Onlardan 15 mindən çoxu artıq daimi məskunlaşıb. Bu faktlar göstərir ki, bölgədə məskunlaşma prosesi sürətlə gedir, iqtisadi inkişafı təmin edən yeni layihələr həyata keçirilir və gələcəkdə layihələrin sayı daha da artacaq.
Füzuli, Cəbrayıl, Ağdam və digər işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məhəllələri inşa olunur və istifadəyə verilir. Bununla yanaşı, özəl sektorun bölgəyə cəlbi prioritet istiqamətlərdən biridir. Məqsəd həm dövlətin həyata keçirdiyi layihələrlə, həm də özəl investisiyalar hesabına məşğulluğu təmin etməkdir.
Kənd təsərrüfatı və sənaye sahələrində yeni təşəbbüslərin reallaşdırılması, məskunlaşmanın sürətli şəkildə həyata keçirilməsi göstərir ki, yaxın gələcəkdə Qarabağ Azərbaycanın iqtisadi inkişafının əsas drayverlərindən  birinə çevriləcək. İlkin hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ümumi iqtisadiyyatına əlavə olaraq 15 milyard manatdan çox dəyər qazandıracaq.
Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur növbəti mərhələdə ölkənin qeyri-neft sektorunun inkişafında həlledici bölgələrdən birinə çevriləcək. Bu kontekstdən də təbii ki, işğaldan azad olunmuş, ərazilərimizin iqtisadi inkişafını müşahidə edəcəyik”.
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu gün “Böyük Qayıdış” prosesi gözlənildiyindən də sürətlə həyata keçirilir:
 
 “Demək olar ki, bütün ərazilərdə təmir və bərpa işləri aparılır. Hadisələrin təhlili göstərir ki, ölkəmiz  bu işləri gözlənildiyindən daha qısa müddətdə həyata keçirib. Hazırda Qarabağ və Şərqi Zəngəzur böyük bir tikinti meydanına bənzəyir. Prezidentin rəhbərliyi ilə bütün ərazilərdə geniş quruculuq və abadlıq işləri aparılır.
Ən diqqətçəkən məqamlardan biri yolların tikintisi və bərpasıdır. Qaabağda yüksək səviyyədə yeni yollar çəkilib və bu işlər davam etdirilir. Eyni zamanda işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı Xankəndi şəhərində tikintisi həyata keçiriləcək layihələrdən biri də Dəmir Yolu və Avtovağzal Kompleksidir. Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sosial-iqtisadi dirçəlişə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək.  Bu gün Ağdam və Cəbrayılda, eləcə də Araz Vadisi iqtisadi zonasında mühüm layihələr həyata keçirilir.
Bütün bu işlər Azərbaycan dövlətinin öz gücü ilə görülür. Qısa müddətdə üç böyük hava limanı inşa olunub ki, bu da tarixi hadisədir. Xüsusilə Laçın hava limanı öz unikallığı ilə seçilir və gələcəkdə bölgənin inkişafına töhfə verəcək.
İşğaldan azad edilmiş ərazilərdə yeni sanatoriyalar, məscidlər tikilir, mövcud məscidlər bərpa olunur. Yeni iş yerlərinin yaradılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bütün görülən işlər ən yüksək səviyyədədir və yaxın vaxtlarda bütün ərazilər tam abadlaşdırılacaq və bərpa olunacaq”.
 
Mehin Mehmanqızı
 
Seçilən
12
moderator.az

1Mənbələr