AZ

Bölgədə dayanıqlı inkişaf üçün münbit zəmin formalaşır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 avqust 2025-ci ildə Türkmənistan Respublikasında keçirilmiş yüksək səviyyəli üçtərəfli görüşdə – Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə səsləndirdiyi bəyanat bölgəmizdə yeni əməkdaşlıq səhifəsinin açıldığını nümayiş etdirir. Bu tarixi sammitdə irəli sürülən təşəbbüslər, imzalanan sənədlər və verilən bəyanatlar dövlətlərimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin nə qədər möhkəm dayaqlar üzərində qurulduğunu bir daha sübut etdi.

Cənab Prezidentin çıxışında xüsusilə vurğuladığı məqamlar Türkmənistanın Qarabağda məscid inşa etməsi, Özbəkistanın Xankəndidə böyük tikiş fabrikini istifadəyə verməsi, Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması qardaş xalqlarımızın Azərbaycana mənəvi və praktiki dəstəyinin bariz nümunələridir. Bu, təkcə humanitar töhfə deyil, həm də Qarabağın dirçəlişinə, Böyük Qayıdışa verilən real töhfədir.

Azərbaycan, Türkmənistan və Özbəkistanın əməkdaşlığı sadəcə diplomatik müstəvidə deyil, həm də infrastruktur, nəqliyyat, enerji, mədəniyyət və sosial layihələrdə öz praktiki təsdiqini tapır. Bu gün Bakının, Aşqabadın və Daşkəndin ortaq mövqelərinin üst-üstə düşməsi bölgədə dayanıqlı inkişaf üçün münbit zəmin formalaşdırır.

Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi və geoiqtisadi rolunu daha da gücləndirir, Orta Dəhliz və yeni logistika marşrutlarında ölkəmizi regionun aparıcı qüvvəsinə çevirir.

Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin qardaşlıq və dostluq nümunələri xalqlarımızın gələcək nəsillərinə ötürüləcək böyük dəyərdir. Üç qardaş ölkənin birgə addımları regionumuzda sabitliyin, tərəqqinin və sülhün möhkəmlənməsinə xidmət edir.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini

Seçilən
7
1
sabahinfo.az

2Mənbələr