"O, peşəkar və soyuqqanlı pilot olmaqla yanaşı, böyük ürəyə, tükənməz həyat eşqinə, yumora və səmimiyyətə malik insan idi..."
Cəsur "Kiyev ruhunun" pilotu son uçuşunu yerinə yetirib
Avqustun 23-nə keçən gecə Ukraynanın Hərbi Hava Qüvvələri daha bir qəhrəmanını itirdi. MiQ-29 qırıcısının pilotu, mayor Sergey Bondar döyüş tapşırığını başa vurub enişə hazırlaşarkən qəza nəticəsində həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb.
Onun ölümü barədə Ukrayna Hərbi Hava Qüvvələri rəsmi məlumat yayıb. Qəzanın səbəbləri hələlik araşdırılır.
Həyatını aviasiyaya həsr edən pilot
Sergey Bondar 1979-cu ildə Kropıvnıtski şəhərində anadan olub. O, Xarkov Hərbi Hava Qüvvələri İnstitutunu bitirdikdən sonra bütün həyatını aviasiyaya bağlayıb.
Bir müddət hərbi xidmətdən uzaqlaşaraq Milli Aviasiya Universitetində müəllim işləsə də, 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalının başlanması ilə tərəddüd etmədən yenidən ordunun sıralarına qayıdıb.
Bondar 40-cı taktiki aviasiya briqadasında - məşhur "Kiyev ruhunun" tərkibində xidmət edib. Eskadrilya komandirinin müavini olan pilot MiQ-29 və L-39 təyyarələrində təcrübəsini bərpa edərək Ukrayna səmasının müdafiəsinə qoşulub. Hər gün döyüş uçuşları həyata keçirir, düşmənin hava hədəflərini məhv edir, raket-bomba zərbələri endirirdi.
Qəhrəman həmkarların xatirəsində
Xidmət yoldaşlarının sözlərinə görə, Sergey Bondar peşəkar və soyuqqanlı pilot olmaqla yanaşı, böyük ürəyə, tükənməz həyat eşqinə, yumora və səmimiyyətə malik insan idi. Ailəli idi, həyat yoldaşı, bir oğlu və bir qızı qalıb.
2025-ci ilin itkiləri
Ukrayna aviasiyası bu il bir neçə ağır itki ilə üzləşib. İyul ayında "Mirage-2000" qırıcısı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, lakin pilot katapult edilərək sağ qalıb.
Daha faciəli hadisə isə iyunun 29-da baş verib: F-16 pilotu, polkovnik-leytenant Maksim Ustimenko gecə hücumunu dəf edərkən yeddi hədəfi vurub, lakin təyyarəsi zədələnərək qəzaya uğrayıb. Apreldə isə 26 yaşlı Pavel İvanov F-16 ilə döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.
Mayor Sergey Bondarın ölümü Ukrayna aviasiyası üçün yeni bir sarsıntı oldu. Onun adı Ukrayna səmasının müdafiəsi uğrunda həlak olmuş qəhrəman pilotların sırasında əbədi qalacaq.