"Pekin yalnız regional güc olmaqla kifayətlənmək niyyətində deyil, o, XXI əsrin qlobal liderlik iddiasını açıq şəkildə ortaya qoyur..."
Avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyançzin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti artıq dünyanın diqqət mərkəzindədir. Pekin bu tədbiri sadəcə regional əməkdaşlıq platforması kimi yox, həm də Qərbin uzun illər diktə etdiyi qlobal qaydalara alternativ kimi təqdim edir.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Çin XİN nümayəndəsi Liu Bin açıq deməsə də, "milli maraqlarını beynəlxalq maraqların üzərinə qoyan müəyyən bir ölkə" deyərkən ABŞ-ı nəzərdə tutduğunu gizlətməyib.
Onun sözlərinə görə, ŞƏT-in əsas məqsədi "sıfır nəticəli oyun" siyasətindən imtina edərək, qarşılıqlı faydaya əsaslanan yeni əməkdaşlıq modelini qurmaqdır. Bu yanaşma NATO və Qərbin təsis etdiyi təhlükəsizlik sisteminə qarşı ideoloji alternativ kimi çıxış edir.
Sammitin geosiyasi çəkisi
Sammitdə Rusiya prezidenti Vladimir Putin, Hindistanın baş naziri Narendra Modi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Məsud Pezeşkian, Belarus lideri Aleksandr Lukaşenko və BMT baş katibi Antonio Quterriş də iştirak edəcək. Bu qədər müxtəlif güclərin eyni masa arxasında toplanması ŞƏT-in artıq sadəcə regional deyil, qlobal oyunçuya çevrildiyini göstərir.
Pekin sammitdə "Tyançzin Bəyanatı"nı imzalamağı, həmçinin təşkilatın növbəti 10 il üçün inkişaf strategiyasını qəbul etməyi planlaşdırır. Bu, ŞƏT-in gələcəkdə yalnız təhlükəsizlik deyil, həm də iqtisadi, texnoloji və mədəni əməkdaşlıq sahələrini əhatə edən daha geniş platformaya çevriləcəyinə işarədir.
ABŞ-Çin-Rusiya üçbucağı: rəqabət və qarşıdurma
ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Rusiya və Çini Amerikanın "təbii rəqibləri" adlandıraraq, onların yaxınlaşmasını Vaşinqton üçün təhdidb kimi qiymətləndirib. Lakin Tramp eyni zamanda Moskva ilə Pekin arasında uzunmüddətli etimadın mövcudluğuna şübhə etdiyini də bildirib.
Onun sözlərinə görə, "Rusiyanın geniş torpaqları, Çinin isə böyük əhalisi var və bu, bir gün təbii sürtüşmələr yaradacaq". Bununla belə, hazırkı reallıq fərqlidir: ABŞ-la münasibətlərin gərginləşməsi həm Rusiyanı, həm də Çini bir-birinə daha çox yaxınlaşdırır. ŞƏT-in Tyançzin sammiti isə bu yaxınlaşmanın ən aydın nümunəsi olacaq.
Çinin güc nümayişi və rəmzi mesaj
Sammitdən sonra, sentyabrın 3-də Si Tszinpin İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə hərbi parad keçirəcək. Parad Çinin öz ən müasir silahlarını, o cümlədən raket sistemlərini və yeni nəsil hərbi texnologiyalarını nümayiş etdirmək üçün ideal tribuna olacaq. Rusiya prezidenti Putin və Belarus lideri Lukaşenkonun da bu tədbirdə iştirak edəcəkləri gözlənilir. Bu, dünyaya açıq mesajdır: Şərq gücləri yalnız diplomatik masada deyil, hərbi güc nümayişində də bir aradadır.
Yeni dünya nizamının eskizi
Çinin Tyançzin sammiti göstərir ki, qlobal sistem artıq birqütblü deyil. ABŞ və Qərbin üstünlük təşkil etdiyi qaydalar tədricən sarsılır, onların yerini Şərqdən gələn yeni əməkdaşlıq formatları tutur. ŞƏT-in güclənməsi, üzvlərinin çoxşaxəli siyasi xətti və hərbi paradla müşayiət olunan rəmzi jestlər göstərir ki, Pekin yalnız regional güc olmaqla kifayətlənmək niyyətində deyil, o, XXI əsrin qlobal liderlik iddiasını açıq şəkildə ortaya qoyur.