"ABŞ-la diplomatiyada yeni qlobal ulduz - Finlandiyanın tarixdən gələn strateji təcrübəsi..."
Aleksander Stubb Finlandiyanın sabiq xarici işlər naziri və baş naziri, hazırda ölkənin prezidentidir, amma popülist deyil. ABŞ Prezidenti Donald Trampın diqqətini çəkən Stubb Avropanın digər liderləri arasında fərqli bir yer tutur.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Avqustun 18-də Vaşinqtonda baş tutan, Avropanın taleyini və sülh məsələlərini müzakirə edən görüşdə yalnız Avropanın "ağır çəkili" liderləri iştirak etməyib. Maraqlıdır ki, görüşə Finlandiya prezidenti də dəvət alıb, ölkəsindəki səlahiyyətləri parlament və hökumətlə bölüşən bir lider üçün bu, böyük diplomatik imkan demək idi.
"Gənc və təsirli"
"Diplomatiyada şəxsi əlaqələr bəzən çox dəyərləndirilmir", - 30 illik beynəlxalq təcrübəyə malik bir siyasətçi olan Stubb deyir. 1995-ci ildə Xarici İşlər Nazirliyində məsləhətçi kimi fəaliyyətə başlayan Stubb sonrakı illərdə Avropa Parlamentinin üzvü, Avropa Komissiyası sədrinin məsləhətçisi, ATƏT başçısı, xarici işlər naziri və baş nazir vəzifələrində çalışıb.
Son bir ildən çoxdur ki, o, Finlandiya prezidenti olaraq Trampın diqqətini çəkə bilən yeganə Avropa lideridir. Avqustun 18-də Ağ Evdə Stubb Tramp tərəfindən "təsirli gənc adam" olaraq qarşılanıb, həm də gülərək həyat yoldaşına gənclik haqqında salamlarını çatdıracağını bildirib. Stubb isə digər "Trampın sevimliləri" ndən fərqli olaraq liberal, mərkəzçi və Avropa inteqrasiyasını dəstəkləyən bir liderdir.
Hərbdən diplomatiyaya
Uşaqlıqda ABŞ və Kanadada yazları keçirən, orada təhsil alan Stubb indi belə deyir: "Qəlbim Şimali Amerikadadır". O, iki dildə böyüyüb, indi isə ingilis, fransız və alman dillərini də bilir.
Uşaqlıqda xokkey oynayan Stubb 12 yaşında qolfla tanış olub və Finlandiya komandasının üzvü kimi uğurlar qazanıb. ABŞ-da Furman Universitetində idman təqaüdü alıb. Lakin gənc yaşda beynəlxalq münasibətlərə maraq göstərərək peşəkar idmandan diplomatiyaya keçib.
Trampla əlaqələri də qolf vasitəsilə inkişaf edib. Stubb ABŞ prezidenti ilə təxminən yeddi saat birgə vaxt keçirərək, həm Avropanın mövqeyini, həm də Trampın düşüncələrini paylaşmaq imkanına malik olub.
Siyasi və diplomatik təcrübə
Stubb Rusiyanın Ukraynaya qarşı təcacüzünü açıq şəkildə qınayan Avropa liderlərindən biridir. Finlandiyanın SSRİ ilə qarşılaşmalarından gələn tarixi təcrübəsi onun diplomatik mövqeyini gücləndirir.
2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum etdikdən üç gün sonra Stubb Rusiya xarici işlər naziri Sergey Lavrova müraciət edərək Putini dayandırmağa çağırıb. Bu cür diplomatik təşəbbüslər Stubbı Tramp və digər Avropa liderləri ilə əməkdaşlıq üçün etibarlı tərəfdaş edir.
Finlandiya son üç ildə Ukraynaya 2,7 milyard avro hərbi yardım, 816 milyon avro humanitar və 90 milyon avro maliyyə dəstəyi göstərib. Stubb buna inanır ki, "müharibəni dayandırmaq üçün Ukraynanın silahlanmasını davam etdirməli və Rusiyaya təzyiq göstərməliyik".
Finlandiyalaşma təcrübəsi və strateji baxış
Finlandiyanın SSRİ ilə münasibətləri "finlandiyalaşma" kimi tanınır. 1939-1944-cü illərdə Finlandiya ərazilərinin bir qismini itirsə də, müstəqilliyini qorumağı bacarıb və bazar iqtisadiyyatını inkişaf etdirib. Stubb bu tarixi təcrübəni Ukrayna üçün örnək kimi göstərir.
Həyat prinsipləri və idman
Stubbın dörd əsas prinsipi var: "Böyük arzuların olsun. Onlara inan. Çox çalış. Uğur qazan". Gündəlik həyatını üç hissəyə bölür: 8 saat yuxu, 8 saat iş, 8 saat şəxsi məşğuliyyətlər. Triatlon, üzgüçülük, qaçış, velosiped sürmə onun əsas idman hobbiləridir.
Stubb ailəlidir, iki yetkin övladı var, həyat yoldaşı britaniyalıdır və Finlandiyada prezidentin ilk xarici ölkə vətəndaşı həyat yoldaşıdır. Ailə 2016-cı ildə sığınacaqdan iki pişik götürüb - Milo və Nalu.
Stubb həm diplomatik bacarığı, həm də tarixi bilikləri ilə kiçik bir ölkənin prezidentindən çox daha böyük qlobal təsir yaratma qabiliyyətinə malikdir. Onun Trampla qolf dostluğu və Avropa tarixindən gələn təcrübəsi Finlandiyanı qlobal siyasətdə unikal bir mövqeyə çıxarıb.