"Qərb zəmanətlər axtarır, amma suallar qalır..."
Ukraynanın Müstəqillik Günü ərəfəsində Kiyev yenidən beynəlxalq diqqətin mərkəzinə çevrilib. NATO baş katibi Mark Rütte, Kanada baş naziri Mark Karni, ABŞ nümayəndələri və müxtəlif Avropa liderləri ard-arda açıqlamalarla Ukraynaya təhlükəsizlik zəmanətləri mövzusunu gündəmə gətirib. Amma verilən vədlərin arxasında həm ümid, həm də tərəddüd sezilir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"5-ci maddə"yə bənzər zəmanətlər
Rütte Kiyevdə çıxış edərək bildirib ki, hazırda tərəfdaşlar Ukraynaya real təhlükəsizlik zəmanətləri üzərində işləyir. Onun sözlərinə görə, bu zəmanətlər Rusiyanı gələcəkdə istənilən təcavüzdən çəkindirməlidir: "Heç vaxt bir santimetr də olsa, Ukrayna torpağına təcavüz edilməyəcək". Zelenski isə ABŞ-ın bu mexanizmə qoşulmağa hazır olduğunu açıqlayıb və bunun tarixi addım olduğunu deyib.
Bununla yanaşı, Rütte açıq etiraf edib ki, söhbət "Budapeşt memorandumu" və ya "Minsk sazişi" kimi boş sənədlərdən getməməlidir, amma konkret konturlar hələ formalaşmayıb. Ən əsası, NATO-nun "5-ci maddə"sinin tam mənada Ukraynaya şamil olunub-olunmayacağı sual altındadır.
Güclü ordu əsas zəmanətdir
Kanada baş naziri Mark Karni isə daha praqmatik mövqe sərgiləyərək deyib ki, Ukrayna üçün ən böyük zəmanət güclü ordudur. "Silah, təlim, dözümlülük - hər şey buradan başlayır", - o, vurğulayıb. Karniyə görə, təhlükəsizlik yalnız kağız üzərində deyil, quru, dəniz və hava qüvvələrinin gücü ilə təmin olunmalıdır. O, həmçinin ABŞ-ın bu prosesdən kənarda qala bilməyəcəyini açıq bildirib.
NATO və Avropa İttifaqı məsələsində skeptisizm
"Azov" alayının sabiq qərargah rəisi, ehtiyatda olan polkovnik-leytenant Boqdan Kroteviç isə tam fərqli mövqedən çıxış edib. Onun fikrincə, Ukraynanın NATO-ya üzvlüyü belə real zəmanət verməyəcək: "Sabah biz NATO-ya girsək və Rusiya yenidən hücum etsə, Qərb ölkələri sadəcə müzakirə aparacaq. Həqiqətdə isə heç nə dəyişməyəcək". O, həm NATO, həm də Avropa İttifaqı üzvlüyünün danışıqlarda alver predmeti ola biləcəyini düşünür.
ABŞ-ın rolu və Trampın qərarı
Bu arada ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın iki həftə ərzində həm Ukraynanın, həm də Rusiyanın sülhə münasibətini öyrənəcək və bundan sonra Vaşinqtonun atacağı addımlara qərar verəcək. Onun sözlərinə görə, ya ABŞ prosesdən tam çəkilə bilər, ya da Moskvaya qarşı kəskin sanksiyalar tətbiq edilə bilər.
Avqustun 23-də isə prezidentin xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə gələcək. O, Ukraynanın Müstəqillik Günü tədbirlərində iştirak etməklə yanaşı, diplomatik görüşlərdə də iştirak edəcək. Bu, ABŞ-ın, bütün tərəddüdlərə baxmayaraq, Ukraynanın təhlükəsizlik arxitekturasında iştirak etmək niyyətini göstərir.
Zəmanətlər və ya illüziyalar?
Ukrayna üçün təhlükəsizlik məsələsi hələ də açıqdır. Qərb dövlətləri "zəmanət" vədləri versələr də, bu vədlərin praktiki məzmunu bəlli deyil. Kanada kimi bəziləri güclü ordunu əsas şərt sayır, digərləri isə kağız üzərindəki mexanizmlərlə kifayətlənir. Skeptiklər isə ümumiyyətlə hesab edir ki, NATO və Aİ üzvlüyü belə Ukraynanı xilas etməyəcək.
Belə bir şəraitdə Zelenski diplomatik balans axtarır: həm ordunun gücləndirilməsi, həm də real beynəlxalq öhdəliklər. Amma əsas sual hələ açıq qalır - Qərb ölkələri Ukraynanı sözlərlə, yoxsa əməldə qoruyacaq?..