AZ

Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına növbəti dəfə səfər etməsi mühüm əhəmiyyət daşıyır. Ölkə başçımızın və birinci xanımın bu ərazilərə mütəmadi səfərləri Azərbaycanın Böyük Qayıdış Proqramının növbəti uğurlu mərhələsi olmaqla yanaşı, dövlətimizin azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi yüksək önəmin bariz nümunəsidir. Uzun illər erməni işğalı altında qalmış bu rayon böyük dağıntılara məruz qalmış, burada yaşayış məntəqələrinin və infrastrukturların çoxu tamamilə məhv edilmişdi.  Hazırda rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. Yolların çəkilməsi, elektrik stansiyalarının istifadəyə verilməsi, su təchizatı sistemlərinin qurulması və digər infrastruktur layihələri bölgənin iqtisadi inkişafına zəmin yaradır. Dövlətimizin başçısının və birinci xanımın bu səfəri zamanı da açılışı həyata keçirilən obyektlər həm yerli sakinlər üçün, həm də regionun ümumi inkişafı üçün böyük əhəmiyyət daşıyır. Kəlbəcər şəhəri illər sonra doğma sakinlərinə qapılarını açır, 32 illik həsrətin ardından yenidən canlanır. Bu qayıdış yalnız torpaq məsələsi deyil, hər addım xalqın iradəsini, dövlətin qüdrətini və milli qüruru əks etdirir. Kəlbəcər yenidən həyatla dolur, doğma sakinlərini qucaqlayır və gələcəyə ümidlə baxır. Beləliklə, bu qayıdış həm xalqın əzminin, həm də dövlətin qərarlılığının və milli birliyin parlaq simvoluna çevrilir.

Kəlbəcər indi yalnız torpaq deyil, həm də insanların yeni həyat quracağı bir məkandır. Dövlət tərəfindən inşa edilən yaşayış kompleksləri, məktəblər, yollar və digər infrastruktur layihələri şəhərin gələcəyini təmin edir. Burada işıq, su, təbii qaz və minalardan təmizləmə işləri tamamlanıb.

Kəlbəcərin işğalı yalnız ərazi itkisi deyildi. Onun strateji mövqeyi Azərbaycan üçün böyük əhəmiyyət daşıyırdı. 1992-1993-cü illərdə baş verən işğallar Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantılar yaratmaqla gələcək torpaq itkisinə zəmin hazırlayırdı. Uzun illər davam edən danışıqlar nəticə vermədi; çünki işğalçılar heç vaxt torpaqlarımızı qaytarmaq niyyətində deyildilər. Azərbaycan xalqı hər zaman iradəli və əzmkar olmuşdur. Aparılan məqsədyönlü siyasət, güclü iqtisadiyyatın formalaşdırılması, hərbi qüvvələrin möhkəmləndirilməsi və beynəlxalq səviyyədə ədalətli mövqenin təmin olunması sayəsində ölkəmiz tarixi torpaqlarını geri qaytardı. Bu yalnız coğrafi bərpa deyil, həm də milli iradənin təntənəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həm hərbi, həm də mənəvi gücünü nümayiş etdirdi. Xalq və Silahlı Qüvvələr bir yumruq kimi birləşdi, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kəlbəcər, Laçın və digər strateji bölgələr bir güllə atılmadan azad edildi. Bu, yalnız hərbi zəfər deyil, həm də xalqın iradəsinin, milli birliyin və Vətən sevgisinin simvoludur. 2020-ci ilin noyabrında əldə olunan sülh müqaviləsi və 2023-cü ilin sentyabr antiterror tədbirləri Azərbaycanın beynəlxalq hüquq və diplomatiya müstəvisindəki mövqeyini gücləndirdi.

Kəlbəcərin yenidən qurulması yalnız fiziki bərpa deyil, həm də milli yaddaşın və mədəni irsin qorunmasıdır. Dağıdılmış şəhər və kəndlərin yerinə yeni binalar, məktəblər və ictimai obyektlər tikilir, tarixi məkanlar bərpa olunur. Hər yeni bina, hər təməl, Azərbaycanın güclü, ləyaqətli və müstəqil dövlət kimi inkişafının əyani sübutudur.

Prezident İlham Əliyev Kəlbəcərlilərlə görüşdə bildirib ki, müharibə başa çatsa da, Azərbaycana qarşı edilən cinayətlər yaddan çıxmamalıdır: “Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq”. 

Dövlət başçısı bildirib ki, dünyadakı qeyri-müəyyənlikləri nəzərə alanda hər an müharibə təhlükəsi baş verə bilər: “Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Seçilən
11
ikisahil.az

1Mənbələr