AZ

Deputat:"Sülhə, sabitliyə, tərəqqiyə yeni səhifə açılır"

Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksək səviyyəli görüşü tarixi və mühüm əhəmiyyət kəsb edir.

Bu Zirvə görüşü sübut edir ki, üç qardaş dövlət arasındakı münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hesab edirəm ki, qloballaşan dünyada dövlətlərimizin bir-birinə dayaq olması, ortaq mövqedən çıxış etməsi regional sabitliyin və inkişafın əsas təminatçılarından biridir.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu ortaq köklərə söykənən mədəniyyət, dil, din və ənənələr əsasında sıx əlaqələrə malik olublar:

“Bu ənənələr hazırda dövlət rəsmilərinin münasibətlərində də öz əksini tapır. Liderlərin qarşılıqlı səfərləri, birgə bəyanatları və imzalanan sənədlər ölkələrimiz arasındakı yaxın münasibətləri daha da gücləndirir. Ən önəmlisi isə ondan ibarətdir ki, Azərbaycan, Türkmənistan və Özbəkistan beynəlxalq təşkilatlarda da bir-birini daim dəstəkləyir, ortaq maraqların qorunması istiqamətində çiyin-çiyinə dayanırlar. Liderlərin avqustun 22-də dostluq və səmimiyyət ruhunda keçən Avaza Zirvə görüşü bir daha göstərdi ki, xalqlarımız əsrlərin sınağından çıxmış qardaşlıq ənənələrini gələcəyə daşıyır və bölgədə sülhə, sabitliyə, tərəqqiyə xidmət edən yeni əməkdaşlıq səhifəsi açılır”.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi vurğuladı:

“Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Qarabağın yenidən qurulmasında qardaş ölkələrin iştirakı isə böyük mənəvi və siyasi dəyərə malikdir. Bu yaxınlarda Qurbanqulu Berdiməhəmmədov Füzulidə olarkən ölkəsinin hədiyyəsi olan məscidin tikintisi ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevə təklif irəli sürmüşdü. Hörmətli Prezidentimiz də bu təklifi minnətdarlıqla qəbul etmişdi. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaq. Ölkə başçımız Zirvə görüşündə çıxışı zamanı bunu türkmən xalqının, Türkmənistan liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi və qardaşlığımızın təcəssümü kimi qiymətləndirdi.

Prezident İlham Əliyev həmçinin, çıxışında Şavkat Mirziyoyevlə birgə Füzulidə Özbəkistanın hədiyyəsi olan dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin açılışında iştirak etdiklərini və Xankəndidə yaradılmış tikiş fabrikinin fəaliyyəti ilə tanış olduqlarını vurğuladı. Hesab edirəm ki, bu kimi təşəbbüslər Azərbaycan xalqına göstərilən səmimi dəstəyin nümunəsidir və azad edilmiş ərazilərimizin bərpasında qardaş ölkələrin yanımızda olduğunu bir daha nümayiş etdirir”.

Parlamentari vurğulayıb ki, Zirvə görüşünün ən mühüm nəticələrindən biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasıdır:

“Bu əməkdaşlıq nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sahələrini və mədəni əlaqələri əhatə edəcək. Beləliklə, üç qardaş ölkə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq müstəvisində yeni model formalaşdırır. Bu model bölgədə sabitlik, inkişaf və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəm təməlini qoyur”.

“Cebheinfo.az”

Seçilən
7
1
cebheinfo.az

3Mənbələr