BAKI, TurkicWorld, Səməd Əyyubov
İstanbulda ötən ay son 65 ilin ən quraq iyul ayı qeydə alınıb.
TurkicWorld-un məlumatına görə, Mərmərə bölgəsində quraqlıq davam edir və yağıntılarda ciddi azalma müşahidə olunub.
Belə ki, Mərmərə bölgəsində iyul ayı üzrə uzunillik orta yağıntı 22,5 millimetr təşkil edir. Ötən ilin eyni dövründə bu göstərici 18,5 millimetr olub, cari ilin iyulunda isə cəmi 1,2 millimetr qeydə alınıb. Beləliklə, yağıntılar uzunillik ortalamaya nisbətən 95 faiz, ötən ilin eyni ayına görə isə 94 faiz azalıb.
İstanbul, Bilecik, Bursa, Kocaeli, Sakarya, Yalova və Zonguldakda son 65 ilin ən aşağı iyul yağıntısı qeydə alınıb. Balıkesir və Çanaqqalada isə son 18 ilin ən aşağı göstəriciləri müşahidə olunub. Bəzi şəhərlərdə yağıntı bütün ay ərzində yalnız bir gün davam edib.
İstanbul Texniki Universitetinin müəllimi, professor Hüseyn Torosun sözlərinə görə, Mərmərə bölgəsində yağıntılar 95 faiz azalıb. Onun fikrincə, bunun əsas səbəbi bölgənin yüksək təzyiq sahəsinin təsiri altında qalmasıdır.
Professor əlavə edib ki, İstanbulun temperatur göstəriciləri uzunillik ortalama ilə müqayisədə 2,5 dərəcə artıb, şəhərin su anbarlarındakı su səviyyəsi isə son bir ayda 13 faiz azalıb. O, yaxın günlərdə bölgəyə yağıntı gətirəcək hava sisteminin gözlənilmədiyini bildirib və vəziyyətin ağırlaşmaması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.