BAKI, TurkicWorld
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi, Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə 22-23 avqust 2025-ci il tarixlərində Qəbələ rayonunda “Duruca kəndində turizmin inkişafına dəstək” layihəsi çərçivəsində müxtəlif təlimlər təşkil edib. Bu təlimlər, ictimai iaşə müəssisələrində çalışan işçilərə və evlərini qonaq evi kimi təqdim etmək istəyən sakinlərə yönəldilmişdir.
TurkicWorld xəbər verir ki, təlimlərdə iştirakçılara kənd turizmi və onun inkişafının əhəmiyyəti, turizm sektorunun müasir tələbləri, qonaqpərvərlik və müştəri məmnunluğunun artırılması kimi mövzular geniş şəkildə izah edilib. İştirakçılar, turizm xidmətlərində keyfiyyətin yüksəldilməsi, turistlərlə etik davranış qaydaları, müştəri məmnuniyyətinin artırılması, sağlamlıq və təhlükəsizlik məsələlərinə düzgün yanaşmaların tətbiqi, eləcə də işçilərin peşəkar inkişafı üçün vacib bacarıqları və şərtləri öyrənmişdir.
Təlim müddətində, iştirakçıların marağına səbəb olan suallar təlimçi Fərid Əhmədli tərəfindən ətraflı cavablandırılıb. Təlimlər, iştirakçıların bilik və bacarıqlarını artıraraq onların öz sahələrində daha səmərəli fəaliyyət göstərmələrinə kömək edəcəkdir.
Layihə, iştirakçılar arasında yüksək maraqla qarşılanmış və təlimlərin sonunda sertifikatlar təqdim olunmuşdur. Sertifikatlar, iştirakçıların əldə etdiyi biliklərin və bacarıqların tanınması məqsədini daşıyır.
Təlimlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə Qəbələ Peşə Məktəbində təşkil olunmuşdur. Bu təşəbbüs, Qəbələ rayonunda kənd turizminin inkişafını təşviq etməklə yanaşı, yerli sakinlərin turizm sektorunda fəal iştirakını artırmağı hədəfləyir.