Özbəkistan hökuməti Azərbaycan və Türkmənistandan gəmi alıb xəzərdə öz yük donanmasını yaratmaq istəyir.
FED.az xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov avqustun 21-də Türkmənistanda 3 ölkənin iştirakı ilə keçirilən Türkmənistan-Azərbaycan-Özbəkistan üçtərəfli sammiti çərçivəsində “Özbəkistan-24” telekanalına müsahibəsində bildirib.
Türkiyə Zəngəzur dəhlizindən 4,4 milyard dollar qazanacaq
Nazir bildirib ki, hazırda Azərbaycan və Türkmənistanda gəmiqayırma zavodlarv fəaliyyət göstərir: «Azərbaycanda vəTürkmənistanda gəmiqayırma zavodu var. Bu gün biz razılaşdıq ki, bu tərsanələrdən gəmilərin alınması məsələsinə baxıb təhlil edəcəyik. Bunun üçün bütün texniki məsələləri işləmək lazımdır. İmzalanmış sənəd bizə texniki və kommersiya məsələlərini rahat həll etməyə imkan verəcək”,-deyə nazir bildirib.
Qeyd edək ki, Özbəkistanın özünün dənizə, o cümlədən Xəzər dənizinə birbaşa çıxışı yoxdur, amma Daşkənd bu gəmiləri Xəzərdə yük daşımalarında istifadə etmək niyyətindədir.
Nazir qeyd edib ki, Özbəkistan Xəzər dənizində öz bərələrinin istismarına başlamağı planlaşdırır. Buna səbəb Xəzərdə daşımaların həcminin kəskin artması və tez-tez «tıxacların» yaranması ilə bağlıdır. Nazir qeyd edib ki, bəzən bu tıxacların müddəti 30-40 günə çatır.
Qeyd edək ki, Xəzərdə tıxac dedikdə yük daşımaları üçün gəmilərin çatışmazlığı nəzərdə tutulur. Öz gəmiləri olmayan Özbəkistan hazırda bu məsələdə Azərbaycan və türkmənistan gəmilərindən istifadə edir. İndi isə Özbəkistan öz yüklərini daha sürətli daşımaq üçün öz gəmilərini almaq istəyir. Nazir bildirib ki, Özbəkistanın öz gəmilərinin olması özbək yüklərini Xəzər üzərindən daha tez daşımağa imkan verəcək.
İ.Mahkamov Özbəkistan, Azərbaycan və Türkmənistan arasında nəqliyyat, logistika və ixtisaslaşmış sənaye sahələrində birgə şirkətlərin yaradılmasını nəzərdə tutan üçtərəfli sazişin imzalandığını açıqlayıb.
«Nəqliyyat-logistika və ixtisaslaşmış sənaye müəssisələrində müştərək şirkətlərin yaradılması üzrə işlərin başlanğıcını qoyan üçtərəfli sənəd imzalanıb. Orada yüklərin maneəsiz keçməsi, nəqliyyat-ekspeditorluq xidmətləri üçün şərait yaradacaq, eləcə də həm Özbəkistandan, həm də Özbəkistana yüklərin daşınmasına müəyyən üstünlüklər veriləcək. Təbii ki, Özbəkistan Respublikasından tranzitlə olan daşımalara da”, – o qeyd edib.
Nazirin sözlərinə görə, belə koordinasiya nəqliyyat xərclərini, istehsalçılar və yükgöndərənlərin üzərinə düşən logistik yükü azaldacaq.
Qeyd edək ki, Özbəkistan xəzər üzərindən daşımaların aktivləşməsi və öz yük donanmasını yaratmaq üçün cəhdlərə bir neçə ildir başlayıb. Hələ 2023-cü ilin avqustunda Özbəkistan və Azərbaycan prezidentləri Transxəzər dəhlizi çərçivəsində birgə logistika şirkətinin yaradılmasını, eləcə də Bakıda və 3-cü ölkələrdə (yəni Türkmənistanda – FED.az) anbar və lagistika mərkəzlərinin yaradılmasını müzakirə ediblər.
Ötən ilin sonunda yayılan məlumatlara görə isə, Özbəkistan və Azərbaycan birgə bərə istehsalına başlaya bilərlər. Bu məqsəd üçün 150 mmilyon dollar ayrıldığı da bildirilib. Eyni zamanda tərəflər anbar infrastruturunu da inkişaf etdirmək niyyətindədirlər.
Nəhayət, bu ilin iyulunda Özbəkistan və Azərbaycanın nəqliyyat nazirlikləri arasında gəmiçilika və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında protokol imzalanıb.