ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hətta yekun sülh sazişinin imzalanmasından sonra da heç kim, xüsusilə erməni xalqı unutmamalıdır ki, ona firavan şəkildə, müharibəsiz gələcək qurmaq imkanlarını Azərbaycan bəxş edib. Paşinyan məhz bu tarixi şansdan möhkəm yapışmağı məsləhət görür.
Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 18-də erməni xalqına ünvanlanan xüsusi müraciətlə çıxış etməsi onun on gün əvvəl Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə imzaladığı Birgə Bəyannamə kontekstindən şərh olunmalıdır. Erməni xalqının tarixə, ələlxüsus da son 30 ildə baş verən proseslərə özünəməxsus baxışı nöqteyi-nəzərdən, Paşinyanın bu addımını sülh prosesinin ən kritik məqamlarından biri də saymaq olar.
Qarşıdan parlament seçkisi gəlir və Azərbaycanla münasibətlər çox güman ki, seçki prosesinin ən qaynar mövzularından biri olacaq. Belə bir həssas məqamda ölkə rəhbərinin sülh platformasından çıxış etməsi mövcud reallıqdan doğan iki məqama dəlalət edir: birincisi, hakim qüvvə seçkiyə sülh platforması ilə gedəcək və bu, Ermənistan üçün bir tarixi dönüşdür. İkincisi və ən vacibi isə, bu gündəmin erməni cəmiyyəti və bütövlükdə xalqı tərəfindən qəbul edilməsidir. Yoxsa, Paşinyanın özünün də dediyi kimi, əgər erməni xalqı bu gedişatdan narazıdırsa, ölkədə siyasi qarşıdurma və inqilab baş verə bilərdi.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Tarixi gerçəkliyin dərki
Ermənilərin cəm halında yaranmış yeni situasiya ilə razılaşması və gerçəkliyi qəbul etməsi onillərdir davam edən ədavətin çözülməsi istiqamətində hesab edilən ən mürəkkəb mərhələdir. İllərdir mifik "miatsum" ideyaları ilə yaşayan, dünyaya separatçılıq eynəyi ilə baxmağa alışmış bir toplumun mövcudluq faktoru olan toksik ideologiyadan imtina etməsi Cənubi Qafqazın bir region olaraq həyatında, sözün əsl mənasında, tamamilə fərqli bir dövrün başlanğıcıdır. Çünki son iki əsr ərzində bölgədə baş vermiş bütün tarixi proseslər, münaqişə və müharibələr, tökülən qanlar və yaşanan faciələrin, o cümlədən xarici qüvvələrin regiona təsir aksiyalarının mərkəzində məhz erməni amili durub. Erməni xalqının tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə başlanan siyasi və coğrafi təlatümlər tək bizim deyil, bütün bölgənin gələcəyinin dəyişilməsinə səbəb olub.
Bu gün Ermənistan liderinin sülh mövzusunda xalqa müraciət etməsi, hakimiyyətdə qalmaq üçün keçiriləcək seçkiyə savaş yox, barışıq platforması ilə getməsi tarixi baxımdan məhz bu səbəblərə görə inqilabi dəyişiklik hesab edilməlidir. Ermənistan cəmiyyətinin bu gerçəkliklə barışması və Paşinyanın yanaşmasını dəstəkləməsi növbəti dəfə Azərbaycanın tarixi qələbəsinin siyasi çəkisini göstərir. Hətta yekun sülh sazişinin imzalanmasından sonra da heç kim, xüsusilə erməni xalqı unutmamalıdır ki, ona firavan şəkildə, müharibəsiz gələcək qurmaq imkanlarını Azərbaycan bəxş edib. Paşinyan məhz bu tarixi şansdan möhkəm yapışmağı məsləhət görür və ilkin reaksiya ona dəlalət edir ki, cəmiyyət də bu çağırışa yaşıl işıq yandırır.

Ərazi iddialarına son
Paşinyanın çıxışında ən önəmli məqam ondan ibarətdir ki, Ermənistanda bir dövlət olaraq Azərbaycan ərazilərinə iddialara son qoyulur. Düzdür, bu, uzun bir prosesdir və məntiqi sonluğu konstitusiyada ediləcək müvafiq dəyişikliklərə bağlıdır. Şübhə yoxdur ki, rəsmi İrəvanın Bakı qarşısında belə bir öhdəliyi var və parlament seçkisi prosesi bitən kimi, Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması günün əsas tələbi olacaq. Hətta istisna deyil ki, yeni ana qanunun layihəsi də seçki ilə paralel şəkildə referenduma çıxarılacaq. Bu baxımdan, Ermənistan liderinin tarixi müraciətinə ilkin münasibəti erməni xalqının sabah müzakirəyə çıxarılacaq yeni mətnli konstitusiyaya olan reaksiyasının test variantı kimi nəzərdən keçirilməlidir.
Daha bir vacib məqam ondan ibarətdir ki, Paşinyanın bu çıxışı ilə revanşistlərin və separatizm tör-töküntülərinin "ermənilərin Artsaxa qayıtması" şüarı ilə törətdikəri siyasi-ideoloji təxribatlar, bu faktoru daxili siyasi mübarizə predmetinə çevirmə cəhdlərinə tarixi nöqtə qoyulur. Əgər cəmiyyət seçkiyə gedən ölkə rəhbərinin bu mövqeyinə razılıq bildirirsə, hər iki xalqın yaşadıqları faciələrin səbəbkarları olan Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan və onların siyasi ballastı - erməni separatizminin hansı mübarizə resursu qalır? Belə bir reallıqda onlar erməni xalqı üçün nəyə görə lazımlı hesab edilməlidirlər?
Geosiyasi manipulyasiyaların iflası
Erməni xalqının Paşinyanın çıxışına ilkin reaksiyası belə bir ehtiyatlı optimizmə əsas verir ki, tək iki xalqın və dövlətin deyil, daha geniş miqyasda bütün bölgənin həyatına edilən xarici təsirlərin neytrallaşdırılması üçün tarixi fürsət yaranır. Ermənistan-Azərbaycan ədavəti İrəvandakılardan daha çox bu təsirləri edən dövlətlər və güc mərkəzləri üçün lazım olub. İki xalqın faciəsinə səbəb olmuş bu qanlı qarşıdurma həmin dövlətlərin regionda mövcudluq platforması qismində çıxış edib. Məhz bu səbəbdən bu gün yekun sülh istiqamətində yaranmış tarixi şans həmin dairələri qıcıqlandıran əsas katalizatora çevrilib. 30 ildir sözdə sülhdən dəm vuranlar indi gündəm olan, onillərin qaranlıq tunelində görünməyə başlayan barışıq işartılarından kor olmağa başlayıblar.
Ermənistan hökumətinin və bütövlükdə cəmiyyətin illərdir sürən məkrli iddialarından vaz keçmələri, daha doğrusu, buna məcbur olması məhz bu nöqteyi-nəzərdən geosiyasi çalar alır. Erməni separatizmi ideologiyası ilə silahlanmış, tarixi türk torpaqlarında mövcud olan bir dövlətin geosiyasi alət rolundan imtina etmə çabaları ən azı bu səbəbdən dəstəklənməlidir.
Paşinyanın müraciətinin ana xəttini erməni xalqının Azərbaycana qarşı ərazi iddialarını unutmasına və siyasi manipulyasiya predmetinə çevrilmiş "ermənilərin Artsaxa qayıdışı", yaxud "erməni xalqının məcburi deportasiyası" kimi təxribatların gündəmdən yığışdırılması təşkil edir. Ermənistan lideri anlayır ki, bu kimi iddiaların davam etdirilməsi erməni xalqı və müasir erməni dövlətçiliyi üçün siyasi suisiddir. Erməni xalqı anlamalıdır ki, onun mifik, süni tarixə əsaslanan, başqalarının ərazisinə və irsinin qəsbinə yönəlmiş iddiaları faciələrinin başlıca mənbəyidir və öz mövcudluğu deyil, xarici güclərin aləti qismində istifadə edilib. Ermənilər bu reallığı nə qədər tez dərk etsələr, tarixin səhnəsində qalma şanslarını bir o qədər artıra bilərlər. Paşinyan bunu başa düşüb, qalır erməni cəmiyyəti.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.