Tribunainfo.az xəbər verir ki, ABŞ-ın Stenford Universitetinin alimləri autizm spektr pozuntusunun səbəbləri ilə bağlı mühüm kəşfə imza atıblar. Araşdırmalar nəticəsində məlum olub ki, beynin talamus nüvəsindəki hiperaktivlik ilə autizm arasında birbaşa əlaqə mövcuddur.
Mütəxəssislər bu istiqamətdə yeni – Z944 adlı preparatı siçanlar üzərində sınaqdan keçiriblər. Nəticələr elm ictimaiyyətində böyük maraq doğurub. Belə ki, dərman yalnız qıcolmaların qarşısını almaqla kifayətlənməyib, həm də siçanlarda autizm simptomlarını əhəmiyyətli dərəcədə zəiflədib. Təkrarlanan hərəkətlərin azalması, sosial ünsiyyətin bərpası və normal davranış modellərinin müşahidə olunması elm adamları tərəfindən “çox ciddi irəliləyiş” kimi qiymətləndirilib.
Bundan başqa, alimlər hesab edirlər ki, Z944 preparatı epilepsiyanın müalicəsində də tətbiq oluna bilər. Hazırda əsas gözlənti preparatın insanlar üzərində klinik sınaqlarına başlanmasıdır.
Ekspertlər bildirirlər ki, əgər nəticələr təsdiqlənərsə, bu kəşf autizmin müalicəsi istiqamətində tibbin ən böyük inqilablarından biri olacaq.