Ombudsman media orqanlarını, cəmiyyətin bütün üzvlərini və valideynləri uşaqlarla bağlı materialların paylaşılmasında etik prinsiplərə və hüquqi tələblərə riayət etməyə çağırıb.
Ombudsman Aparatının yaydığı məlumatda vurğulanır ki, Azərbaycanda uşaqların hüquq və azadlıqlarının müdafiəsi dövlət üçün prioritet məsələ olaraq qalır. Uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsmanın əsas fəaliyyət istiqamətlərindəndir.
Qeyd edilib ki, uşaqların mənafeləri hər zaman üstün tutulmalı, onların sağlam psixoloji mühitdə böyüməsi dövlətin, cəmiyyətin və hər bir fərdin ortaq məsuliyyətidir.
Uşaqların mənafelərinə uyğun olmayan paylaşım və fəaliyyətlər onların psixoloji inkişafı və təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, şəxsi həyatın toxunulmazlığı prinsipinin pozulmasına və istismar riskinin artmasına səbəb olur.Sosial şəbəkələrdə uşaqlarla bağlı materialların yayılmasından öncə onun gətirə biləcəyi nəticələrə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir. Hazırlanan materialların məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı və onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir.
Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının yayımlanmasına da şərait yaradılmalıdır.