AZ

Azərbaycan, Türkmənistan və Özbəkistan qardaşlığı energetika əməkdaşlığında yeni dövrün əsasını qoyub - Azər Qarayev

Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Türkmənbaşı şəhərində keçirilən görüş, regionun siyasi-iqtisadi inkişafında mühüm mərhələdir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

O bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasındakı qardaşlıq münasibətləri, tarix, mədəniyyət, dil və dini ortaq dəyərlərə əsaslanan dərin və çoxşaxəli əlaqələrə dayanır.

"Bu münasibətlər yalnız diplomatik əməkdaşlıqla məhdudlaşmır, həm də xalqlar arasında səmimi və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu üç ölkə arasında münasibətlər təkcə diplomatik səviyyədə deyil, "qardaşlıq" əsasında qurulub. O qeyd edir ki, bu əməkdaşlıq bölgədə sülh, sabitlik və rifah üçün mühüm platforma yaradır.

Dünənki görüşdə də liderlər, üç ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlər üzrə inkişaf etdirilməsi məqsədini vurğulayıblar. Onlar, regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Azərbaycan, Türkmənistan və Özbəkistan kimi Orta Asiya və Cənubi Qafqaz ölkələri coğrafi baxımdan strateji bir mövqedə yerləşir və bu, onları Şərq ilə Qərb, həmçinin Şimal ilə Cənub arasında körpü rolu oynamağa imkan verir."

A.Qarayev qeyd edib ki, son illərə nəzər salsaq görərik ki, Azərbaycanla bu iki ölkə arasında əlaqələr daha da genişlənir.

"Azad edilmiş ərazilərimizdə də qardaş Özbəkistan və Türkmənistan tərəfindən də müəyyən işlər görülüb. Belə ki, Özbəkistan tərəfindən Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunub. Xankəndi şəhərində özbək tərəfinin dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabriki fəaliyyət göstərir.

Türkmənistan tərəfindən isə Füzuli şəhərində məscid inşa ediləcək. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin necə möhkəm olduğunun daha bir göstəricisidir.Ölkələrimiz arasında enerji sahəsində də əməkdaşlıqlar genişlənməkdədir."

Politoloq bildirib ki, Azərbaycanın Türkmənistanla ənənəvi energetika əməkdaşlığı, eləcə də Özbəkistanla bu sahəyə yeni qədəm qoyması, regionda enerji siyasətinin dərinləşdiyini və genişləndiyini göstərir.

"Bu, eyni zamanda Azərbaycanın regional lider kimi mövqeyini möhkəmləndirir və enerji diplomatiyasının uğurlu nümunəsi hesab olunur. Azərbaycan Türkmənistanın enerji resurslarının dünya bazarına çıxarılmasında logistik körpü rolunu oynayır. Türkmən qazının və neftinin Transxəzər dəhlizi vasitəsilə Azərbaycan ərazisindən keçərək Avropaya çatdırılması imkanları hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycanın Özbəkistanla münasibətləri sürətlə inkişaf edir və bu proses artıq energetika sahəsinə də daxil olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb və kontrakt imzalanıb. Bu, Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm hadisədir.SOCAR-ın Özbəkistanda fəaliyyəti, Azərbaycanın xaricdə enerji layihələrinə investisiya qoyması və regional bazarlarda texniki biliklərini paylaşması baxımından vacibdir. Bu addım eyni zamanda Özbəkistanın enerji sektorunda modernləşmə proseslərinə də töhfə verir və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı möhkəmləndirir."

A.Qarayev bildirib ki, nəticədə Azərbaycanın Türkmənistan və Özbəkistanla enerji əməkdaşlığı, regionda beynəlxalq əməkdaşlıq nümunəsi, iqtisadi inteqrasiyanın təşviqi və enerji təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.

"Prezident İlham Əliyevin bu sahədə ortaya qoyduğu strateji baxış, Azərbaycanı yalnız enerji ixracatçısı deyil, eyni zamanda enerji əməkdaşlığının təşəbbüskarı və lideri kimi formalaşdırır", - A.Qarayev əlavə edib.

Seçilən
38
1
day.az

10Mənbələr