“Meta” şirkəti “Facebook” və “Instagram” platformalarında “Reels” videoların avtomatik olaraq başqa dilə tərcüməsi üçün süni intellekt alətini tətbiq etməyə başlayıb. Yeni funksiya kontent yaradıcıları üçün dil maneələrini aradan qaldıracaq. Funksiya ilkin mərhələdə ingilis və ispan dilləri arasında tərcüməni dəstəkləyir və paylaşım menyusundakı “Translate voices with Meta AI” keçidi vasitəsilə aktivləşdirilir.
Süni intellekt, həmçinin istifadəçinin səs tembrinə uyğun şəkildə səsləndirməni tənzimləyir. Hazırda bu alət “Facebook”da 1000 və daha çox izləyicisi olan müəlliflərə, həmçinin “Instagram”da açıq profilli bütün istifadəçilərə əlçatandır. Paylaşmadan əvvəl istifadəçi dodaq sinxronizasiyasını əlavə edə və tərcümənin nəticəsini yoxlaya bilər. Paylaşımdan sonra sistem tərcümə olunmuş videoları avtomatik olaraq uyğun dili üstün tutan istifadəçilərə göstərəcək və videoların üzərinə “Meta” tərəfindən hazırlanmış süni intellekt vasitəsilə tərcümə edildiyini göstərən etiket əlavə olunacaq.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”