AZ

Tramp yenə “nala mıxa” vurdu “Ola bilər ki, Rusiyaya qarşı heç nə etməyim...”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində Rusiya və Ukrayna ilə bağlı mövqeyini müəyyənləşdirəcəyini bildirib.

“Düşünürəm ki, iki həftəyə Rusiyanın və açığı, Ukraynanın münasibətini anlayacağam. Burada iki tərəf lazımdır. Mən qərar verəcəyəm ki, biz nə edəcəyik. Bu, çox mühüm qərar olacaq. İstər genişmiqyaslı sanksiyalar, istər böyük rüsumlar, ya da hər ikisi. Həm də ola bilər ki, heç nə etməyim və deyim ki, bu, sizin müharibənizdir”, – Tramp Ağ Evdə FIFA prezidenti Canni İnfantino ilə görüşdə deyib.

Tramp həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşdə şəxsən iştirak etmək istərdi. Lakin ABŞ lideri etiraf edib ki, çoxları bu görüşün nəticəsiz qalacağını düşünür.

“Politico” nəşrinin məlumatına görə, Tramp danışıqlar zamanı Rusiyaya təzyiq göstərməyi planlaşdırmır. O, hesab edir ki, Qərbin yardımından asılı olan Kiyev güzəştə getməli və ehtimal ki, Moskvanın şərtləri ilə razılaşmalıdır. Nəşr həmçinin yazır ki, ABŞ Prezidenti prosesdə irəliləyiş görməsə, marağını tez itirə bilər. Əlavə çətinliklər kimi təhlükəsizlik zəmanətləri və Ukraynada beynəlxalq qoşun kontingentlərinin yerləşdirilməsi məsələləri göstərilir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Moskva görüşün baş tutmaması üçün əlindən gələni edir. Tramp İnfantinoya Alyaskada keçirilən danışıqlardan Putinin fotosunu göstərib və 2026-cı ildə ABŞ-da baş tutacaq futbol üzrə dünya çempionatı çərçivəsində Rusiya prezidentinin ölkəyə gələ biləcəyini istisna etməyib.

“Bəlkə o gələr, bəlkə də yox – bu, qarşıdakı həftələrdə nələrin baş verəcəyindən asılıdır. Amma düşündüm ki, bu, onun yaxşı şəkilidir”, – Tramp əlavə edib.

İnfantino Ağ Evə dünya çempionatının kubokunu gətirib. ABŞ Prezidenti zarafatla soruşub ki, onu Oval kabinetdə saxlaya bilərmi. Lakin FIFA rəhbəri cavabında bildirib ki, kubok yalnız çempionatın qalibinə verilə bilər, Tramp isə sadəcə onu əlində tuta bilər.

Xatırladaq ki, futbol üzrə dünya çempionatının final mərhələsi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək. Rusiya isə 2022-ci ildən etibarən FIFA turnirlərindən kənarlaşdırılıb.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr