AZ

40 yaşlı qadınlardan danışan professora 64 yaşlı Nailə İslamzadədən CAVAB

Tanınmış həkim, professor Adil Qeybullanın “qadınlar 40 yaşdan sonra pilləkən düşə bilmir” açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun fikirlərinə xüsusilə xanımlar etiraz ediblər.

İstifadəçilər əsəb, stress, gündəlik problemləri əsas gətirərək pfofessorun fikrinə etiraz ediblər. Bir qrup qadın isə bildirib ki, söhbət qadınlardan yox, kişilərdən getməlidir. Onlar sosial şəbəkələrdə “Qadınların işığını söndürən, onları həyatdan soyudan məhz pis həyat yoldaşlarıdır” kimi şərhlərlə reaksiyalarını bildiriblər.

Adil Qeybulla açıqlamasında “Bizim qadınlar 40 yaşdan sonra artıq pilləkən düşə bilmir. Diz oynağı normal işləmir. Klimaks dövründən sonra isə qadınlarımız demək olar ki, ümumiyyətlə, sıradan çıxırlar. Amma xaricdə biz bunu görmürük.

Xaricdə 70 yaşlı qadın velosiped sürür. Deməli, fərq var da, biz nələrisə onlardan götürməliyik. Fiziki aktivliyimiz yox dərəcəsindədir. Buna fiziki aktivlik demək olmaz. İnsanlar hər yerə avtomobillə gedirlər, tənbəllik... Piyada gəzənlərin sayı azdır. Hətta bulvarda gəzənlərin də böyük əksəriyyəti “semiçka” əlində elə bil söhbətə çıxır”, - deyə bildirib.

"Hurriyyet.Az" "Cebheinfo.az"-a istinadla xəbər verir ki, professor Adil Qeybullanın qadınlarla bağlı səsləndirdiyi fikirlərə Əməkdar artist, 64 yaşlı aparıcı Nailə İslamzadə münasibət bildirib.

O qeyd edib ki, məsələni yalnız qadınlara aid etmək düzgün deyil:

“Burada qadın və kişini ayırmaq doğru deyil. Sağlam həyat tərzi hər iki cinsə aiddir. Adil Qeybulla qadınlardan danışıb, amma eyni fikirləri kişilərə də şamil etmək olar. Yəqin həmin vaxt ancaq qadınları nəzərdə tutub.

Amma kişilər haqqında da danışsa, eyni şeyi deyə bilərdi. İndi çox qadınlarımız var ki, özünə baxır, idman edir, sağlam həyat tərzi keçirir. İdman yalnız gözəllik üçün deyil. İdman sağlam bədəndə sağlam ruh formalaşdırır.

Gözəllik tamam ayrı bir şeydir. Allahın verdiyi bədən var, biri də var ki, sən onu dəyişirsən. O dəyişmək ilə həyat tərzi ilə olur.  İnsan yediklərindən ibarətdir. Bəzən elə bilirlər ki, yalnız əməliyyat və həkim vasitəsilə gözəl olmaq mümkündür. Amma bu doğru deyil”.

Nailə İslamzadə bildirib ki, düzgün qidalanma və idman sağlamlığın əsas açarıdır:

“"Fastfood", şirin qazlı içkilər, kolbasa məmulatları, həddindən artıq ət yemək və digər zərərli qidalar sağlamlığa ciddi ziyan vurur. İdman isə əsl sağlamlıqdır. Pilləkən qalxmaq üçün dizlər möhkəm, belin düz olmalıdır.

Hər hansı manual terapevtin yanına getsək, bizə yoqa hərəkətlərini məsləhət görəcək. Yəni düz qamət, düzgün nəfəs almaq birbaşa sağlamlığa təsir edir. Mən gözəlliyi ikinci plana qoyuram, çünki ilk növbədə sağlamlıqdır.

Bəzən mən sosial şəbəkədə postlar paylaşıram. Paylaşdığım postlarda məqsədim insanlara göstərməkdir ki, 64 yaşımda belə müəyyən hərəkətləri etmək mümkündür.

Bunu nümayiş üçün yox, sağlam qalmaq nümunəsi kimi edirəm. Çoxları soruşur ki, Nailə xanım, sirriniz nədir? Deyirəm ki, bu sirr deyil. Bu, hamının bildiyi bir şeydir, yəni sağlam həyat tərzi. Buna sadəcə əməl etmək lazımdır. Burada genetika da rol oynayır, amma əsas məsələ həyat tərzidir.

Məsələn, soruşsaq ki, hansı qadın səhər yuxudan oyanan kimi yarım saat idman hərəkətləri edir? Deyəcəklər ki, etmirik. Burada kişi ya qadın fərqi yoxdur. Hər ikisi sağlam həyat tərzi sürməlidir. Arterial təzyiqi yüksək olan insan bir ay mütəmadi templə yerisə, təzyiqi aşağı düşəcək, qan dövranı yaxşılaşacaq. İnsan sadə hərəkətlərlə özünə baxmağı bacarmalıdır”. 

 

Əfsanə Rəcəb

Seçilən
2
3
hurriyyet.az

4Mənbələr