AZ

Ebru Gündeşin yeni həyat yoldaşı da həbs edildi – məşhur müğənninin ailə həyatı yenə gündəmdə

Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin həyat yoldaşı Murat Özdemir polis tərəfindən saxlanılıb. O, Selahattin Yılmazın rəhbərlik etdiyi cinayətkar təşkilata üzv olmaqda ittiham olunur.

 

Məlumata görə, Murat Özdemir həmin dəstə ilə əlbir olaraq mütəşəkkil sənaye bölgəsinə basqın etməkdə şübhəli bilinir. Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.

 

Qeyd edək ki, Ebru Gündeş bundan əvvəl iranlı iş adamı Rza Zərrabla ailəli olub. Rza Zərrab ABŞ-da hüquq-mühafizə orqanları tərəfindən İrana qarşı sanksiyaları pozmaq, neft pullarını yuyaraq müxtəlif hesablara köçürmək ittihamı ilə saxlanılmışdı.

 

Ebru Gündeş həmin dövrdə Zərrabın aldığı bahalı hədiyyələrə görə tez-tez gündəmə gəlmişdi. Zərrabın həbsindən sonra müğənni ondan boşanaraq həyatına yeni səhifə açmışdı. Lakin görünür ki, onun sonrakı evliliyi də uğurlu alınmayıb.

 

Murat Özdemirin iki dəfə evli olduğu, ümumilikdə 3 övladının olduğu bildirilir. Ebru Gündeşin isə Zərrabla nikahından bir qız övladı var.

 

Türkiyə mətbuatı yazır ki, Ebru Gündeşin şəxsi həyatı tez-tez qalmaqallarla gündəmə gəlir. Onun yeni nikahı da gözlənilmədən xoşagəlməz hadisə ilə müşayiət olundu – həyat yoldaşının həbs olunması ilə.

 

Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış iş adamı Selahattin Yılmaz İstanbul Baş Prokurorluğunun qərarı ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində saxlanılıb. O, “silahlı cinayətkar təşkilat qurmaq və idarə etmək”də, eləcə də bir sıra ağır cinayətlərdə ittiham olunur.

 

Əməliyyat çərçivəsində Ankaradan İstanbula, Antalyadan Muğlaya qədər bir neçə şəhərdə eyni vaxtda reydlər keçirilib. Yılmazla birlikdə 13 nəfər, o cümlədən iki vəkil də saxlanılıb. Axtarışlar zamanı 3 lisenziyasız silah, 3 lisenziyalı tapança, 2 tüfəng və yüzlərlə patron aşkarlanıb.

 

1977-ci ildə Hatay vilayətinin İskenderun şəhərində anadan olan Yılmaz uzun illər enerji, inşaat və akaryakıt sektorlarında fəaliyyət göstərib. İş adamı kimi tanınsa da, onun adı dəfələrlə qaranlıq əlaqələr və mafioz strukturlarla birgə hallanıb. Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel Yılmazı açıq şəkildə “kiralıq qatil və sui-qəsdlərlə məşğul olan şəxs” adlandırıb.

 

Buna baxmayaraq, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı onu müdafiə edərək “ülküdaşım və dava yoldaşım” deyə təqdim edib. Bu da məsələni yalnız hüquqi deyil, həm də siyasi müstəviyə daşıyıb.

 

Prokurorluğun məlumatına görə, Yılmazın rəhbərlik etdiyi dəstə müxtəlif zorakı basqınlarda, mütəşəkkil cinayət aktlarında iştirak edib. Bu səbəbdən ona yaxın olan şəxslər, biznes ortaqları və hətta hüquqşünasları belə istintaqa cəlb olunublar.

 

Hadisənin rezonansı böyükdür, çünki sonuncu əməliyyatda məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemir də saxlanılanlar sırasında olub. O da Yılmazın cinayətkar təşkilatına üzv olmaqda və sənaye bölgəsinə təşkil olunan basqında iştirak etməkdə ittiham olunur.

 

Beləliklə, Selahattin Yılmaz ətrafında qurulan iş adamı-maskalı cinayətkar şəbəkə Türkiyədə yeni siyasi-hüquqi qalmaqal yaradıb. Müxalifət onu “cani” və “suikastçı” adlandırır, iqtidar partiyasına yaxın dairələr isə müdafiə mövqeyi tutur. Hazırda istintaq davam edir və yeni həbslərin də ola biləcəyi istisna olunmur.

 

Musavat.com

Tarix: 22 Avqust 2025, 21:00   
Seçilən
1
pravda.az

1Mənbələr