AZ

Fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin əvəzlənməsi və qeydiyyatı asanlaşdırılır

BAKI, 22 avqust. TELEQRAF

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və vətəndaşların əmlak hüquqlarının qorunması istiqamətində yeni hüquqi mexanizmlər tətbiq edilir. Bu məqsədlə prosedurların sadələşdirilməsi, vətəndaş məmnunluğunun artırılması və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində sistemli islahatlar həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu çərçivədə, 14 iyul 2025-ci il tarixində qəbul edilmiş “Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi xüsusi önəm kəsb edir.

Dəyişikliklərə əsasən, fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikintisi məqsədəuyğun hesab edilmədikdə həmin torpaq sahələrinin əvəzinə torpaq sahələri dövlət ehtiyat fondu torpaqlarından ayrılacaq. Bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə yönəldiləcək. Belə olan halda torpaq sahələri bələdiyyə tərəfindən hərrac keçirilmədən və aidiyyəti dövlət qurumlarının rəyləri tələb olunmadan təqdim ediləcək.

Yeni qanunla aşağıdakı hallarda tikinti işləri fövqəladə hal nəticəsində məhv olmuş əmlakın yerləşdiyi torpaq sahəsində deyil, yeni torpaq sahəsində aparılacaq:

-Ərazi təbii fəlakət baxımından yüksək riskli olduqda;

-Torpağın təyinatına uyğun tikintiyə icazə verilmədikdə;

-Torpaq kommunikasiya xətlərinin mühafizə zonasında yerləşdikdə.

Bu hallar Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan araşdırmalar əsasında müəyyən olunacaq və nəticə barədə vətəndaşlara rəsmi məlumat veriləcək.

Əgər vətəndaş yeni torpaq sahəsində tikinti ilə razılaşmazsa, əvvəlki torpaq sahəsinin qiyməti ödənilməklə ərazi dövlətin mülkiyyətinə keçiriləcək.

Qanun vətəndaşın maraq və mənafelərini nəzərə almaqla dövlət tərəfindən torpaqların qorunması və səmərəli istifadəsini təmin edir. Belə ki, vətəndaş yaşayış sahəsinin yeni torpaq sahəsində tikintisi ilə razılaşmadıqda onun maraqları nəzərə alınır, əvvəlki torpaq sahəsinin dəyəri mülkiyyətçiyə ödənilməklə dövlətin mülkiyyətinə keçir.

Qanunla fövqəladə hal nəticəsində məhv olmuş əmlakın əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yeni yaşayış sahələri üzərində hüquqların qeydiyyatı ilə bağlı məsələlər də tənzimlənib.

Seçilən
56
15
teleqraf.com

10Mənbələr