BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) Qəzza şəhərində fəlakətli aclığın mövcudluğunu təsdiqləyən hesabat yayıb.
Məlumata görə, avqustun 15-dən etibarən Qəzza zolağında vəziyyət İPC-nin “fəlakətli” kimi tanınan beşinci səviyyə təsnifatına çatıb ki, bu, tutarlı dəlillərlə təsdiqlənir.
Sənəddə vurğulanır ki, 22 ay davam edən hücumlardan sonra 500 mindən çox fələstinli həddindən artıq yoxsulluq, aclıq və daimi ölüm təhlükəsi içərisində yaşayır.
IPC Qəzza zolağında yoxsulluğun yalnız yayılacağı barədə xəbərdarlıq edib.
Bu arada, avqustun 22-si səhər saatlarından etibarən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi kütləvi hava və qurudan zərbələr nəticəsində əksəriyyəti qadın və uşaq olan ən azı 25 fələstinli həlak olub.
Tibbi mənbələrdən verilən məlumata görə, İsrail ordusu Qəzzanın şimalında, məcburi köçkünlərin sığındığı Şeyx Ridvan bölgəsində Əmr bin As məktəbinə zərbələr endirib. Hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla 12 nəfər həlak olub, onlarla insan yaralanıb, çoxunun vəziyyəti ağırdır.
Eyni bölgədə İsrail qüvvələri mülki şəxslərin qaldığı çadıra hücum edib. Üçü uşaq olmaqla beş nəfər həlak olub.
Qəzza şəhərinə endirilən növbəti hava hücumunda bir ailə - ana, ata və iki qız həlak olub.
Səbra məhəlləsində mülki əhalinin toplaşdığı yerə pilotsuz təyyarə hücum edib. Qurbanlar arasında ana və oğlu da var.
Qeyd olunur ki, həmin ərazidə İsrail aviasiyası yaşayış binalarına zərbələr endirib, ölən və yaralananlar var.
Bundan əlavə, İsrail ordusu Qəzzanın şimalındakı Cəbəliyə şəhərində onlarla evi partladıb, həmçinin bir sıra binalara artilleriya və təyyarələrlə hücum edib.
Qəzzanın şimalında pilotsuz təyyarənin zəbə endirməsi nəticəsində daha 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"