Bakivaxti saytına istinadən ain.az xəbər verir.
Son günlər İsrail və Suriya arasında ABŞ-nin vasitəçiliyi ilə təhlükəsizlik sazişinin imzalana biləcəyi xəbəri Yaxın Şərq gündəmini zəbt edib.
Məlumata görə, sazişin sentyabrın 25-də Suriyanın yeni seçilmiş prezidenti Əhməd əş-Şaranın BMT Baş Assambleyasında çıxışından dərhal sonra baş tutacağı gözlənilir.
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, belə bir addım uzun illərdir davam edən gərginlikdən sonra yeni siyasi mühit yaradacaq. Onun fikrincə, İsrailin Suriyayla münasibətləri normallaşdırması regionda diplomatik xəritəni dəyişdirəcək, eyni zamanda ABŞ-nin vasitəçilik rolunu gücləndirəcək:
“Bu saziş güc balansında İsrailin mövqelərini möhkəmləndirəcək, Suriyanı isə beynəlxalq təcriddən çıxarmağa xidmət edəcək”.
Müsahibimiz hesab edir ki, saziş reallaşsa, ərəb ölkələrinin İsrailə münasibəti dəyişə bilər. Dediyinə görə, bu prosesin domino effekti yaratmaq ehtimalı çox yüksəkdir:
“Suriyanın belə bir addımı digər ərəb dövlətlərinə də siqnal olacaq ki, İsraillə münasibətləri normallaşdırmaq mümkündür. Bu, İsrailin ərəb dünyasında təcrid vəziyyətindən qurtulmasına və yeni iqtisadi-siyasi əməkdaşlıq imkanlarının açılmasına səbəb ola bilər”.
Züriyə Qarayeva: Bu prosesin domino effekti yaratmaq ehtimalı çox yüksəkdir
Z.Qarayevaya görə, bu razılaşma İran üçün də ciddi geosiyasi itki ola bilər. Onun sözlərinə görə, çünki Suriya uzun illər Tehranın İsrailə qarşı strateji dayağı kimi çıxış edib. Politoloq bildirib ki, əgər Dəməşq Tel-Əvivlə münasibətləri normallaşdırsa, İranın təsir imkanları xeyli azalacaq.
“Bununla yanaşı, Hizbullahın bölgədəki roluna da ciddi zərbə dəyəcək. Bu isə İsrailin təhlükəsizlik mühitini möhkəmləndirəcək, eyni zamanda regionda İranın mövqelərinin zəifləməsinə yol açacaq”, - deyə həmsöhbətimiz əlavə edib.
Züriyə Qarayeva sonda bildiirib ki, ümumi mənzərə göstərir ki, bu saziş təkcə iki ölkə arasında deyil, bütövlükdə Yaxın Şərqdə siyasi arxitekturanın dəyişməsi deməkdir:
“ABŞ-nin vasitəçiliyi ilə imzalanacaq belə bir sənəd həm regionda sabitliyi gücləndirə, həm də İranın təsir dairəsini daralda bilər”.
Zülfü Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.