AZ

"Sığınacaqda 45-dən çox uşağa dəstək göstəriləcək" --Kubra Ələkbərova

"Təmas” Regional İnkişaf İctimai Birliyinin həmsədri Kubra Ələkbərova QHT.az-a açıqlamasında təşkilatın dəstəklədiyi sığınacağın gələcək fəaliyyəti ilə bağlı narahatlıqlarını bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən icra edilən “Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi sentyabr ayında yekunlaşacaq, layihə sığınacağı dəstəkləyən yeganə maliyyə mənbəyidir:

"Bu gün sığınacağın fəaliyyəti ciddi təhlükə altındadır. Layihə başa çatdıqdan sonra yeni resursların məhdudluğu dövrünü yaşayacağıq. Hazırda sığınacaqda zorakılıqdan zərər çəkmiş qadın və uşaqlara psixososial dəstək göstərilir, onların peşə təhsilinə yönləndirilməsi və işlə təmin olunması istiqamətində işlər görülür."

Kubra Ələkbərova bildirib ki, hazırda sığınacaqda 3 nəfər, o cümlədən azyaşlı qız uşaqları məskunlaşıb və onlar artıq peşə məktəblərinə qəbul olunublar. Bundan başqa, uşaqların məktəbəqədər hazırlığı və təhsilə cəlb olunması üçün Azərbaycan Sığortaçılar Assosiasiyası ilə razılaşma əldə olunub.

Onun sözlərinə görə, bu il həm sığınacaqda yaşayan, həm də əvvəllər orada böhran dövrünü keçirmiş və hazırda sosial risk altında olan ailələrdəki uşaqlara dəstək göstəriləcək. Layihə çərçivəsində 45-dən çox uşaq dərs ləvazimatları ilə təmin olunacaq.

 

Pərvanə Fəhadqızı

Seçilən
31
qht.az

1Mənbələr