AZ

Analitik: Qolan təpələri məsələsi həll edilmədən anlaşma mümkün deyil

İsrail və Suriya arasında sentyabrın 25-də ABŞ-ın vasitəçiliyi ilə təhlükəsizlik sazişi imzalana bilər.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, saziş Suriya Prezidenti Əhməd əş-Şaranın BMT Baş Assambleyasında ilk çıxışını etməsindən bir gün sonra imzalanacaq.
Bildirilib ki, sözügedən saziş İsrail və Suriya arasında olan gərginliyi azaltmaq məqsədi daşıyacaq. Lakin yaxın gələcəkdə iki ölkə arasında genişmiqyaslı sülh müqaviləsinin imzalanması gözlənilmir.
Suriya hökuməti yayılan məlumatları təkzib edib.

Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a bildirib ki, ümumiyyətlə, Suriyada inqilab baş verdikdən sonra İsrail-Suriya münasibətləri daha da gərginləşdi:

"İsrail Qolan təpələrinin yaxınlığında müəyyən irəliləyişlər əldə etdi. Həmçinin bunun Suriyanın yeni hökuməti ilə Təl-Əviv arasında gərginliyə səbəb olduğu bildirildi. İsrail tərəfi həmin addımların təhlükəsizlik məqsədi daşıdığını və ərazilərdə daimi qalmaq niyyətlərinin olmadığını açıqlasa da, Suriya hökuməti bunu 1967-ci ildə Qolanın işğalı ilə müqayisə edərək İsrailin yenidən ərazilərini genişləndirdiyini vurğuladı.
Bu məsələ yalnız torpaq iddiası ilə məhdudlaşmır. Dürzilər yaşayan bölgədə dəfələrlə toqquşmalar baş verib. Suriya hökuməti hesab edir ki, bu qruplar İsrail tərəfindən dəstəklənir. Məqsəd Suriyanın cənubunda xaos yaratmaqdır. İsrail isə bunu inkar edir. Bütün bunlar nəticəsində iki tərəf arasında davamlı gərginlik mövcuddur.
Açıq şəkildə sülh sazişinin imzalanması ehtimalı isə çox zəifdir. Çünki, birincisi, Əhməd Əş-Şaraa kifayət qədər mühafizəkar bir cəbhədən çıxır. Eyni zamanda dəstəkləndiyi inqilabçı qruplar da eyni baxışa sahibdir. Onların İsrailə münasibəti mənfidir. Belə şəraitdə Əhməd Əş-Şaraanın İsraillə hər hansı saziş imzalaması həm onun nüfuzunu ciddi şəkildə sarsıda bilər, həm də Suriya ictimaiyyətində kəskin narazılıq doğurar".

Analitikin fikrincə, Qolan təpələri məsələsi həll edilmədən hər hansı anlaşmadan danışmaq mümkün deyil:
"Suriya bu məsələdə qəti mövqeyini qoruyur. Buna görə də açıq saziş yerinə, iki tərəfin yalnız gizli və ya şifahi şəkildə toqquşmaların qarşısını almaq və gərginliyi minimuma endirmək barədə razılığa gəlməsi daha real görünür".
Seçilən
21
1
sherg.az

2Mənbələr