AZ

ABŞ və Rusiya müharibəyə başlasa, Azərbaycanın mövqeyi nə olacaq? AÇIQLAMA

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Ukraynada ABŞ-yə məxsus zavodu raketlə vurması və Putinin bu mesajının ardından Donald Trampın etdiyi paylaşım iki ölkə arasında müharibə olacağı barədə ehtimalları gücləndirib. Belə ki, Trampın “İşğalçı ölkəyə hücum etmədən qalib gəlmək mümkün deyil. Bayden Ukraynaya yalnız müdafiə olunmağa icazə verirdi, cavab zərbələri endirməyə yox. Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi. Qarşıda maraqlı zamanlar var" açıqlaması fonunda Rusiya və ABŞ arasında yaxın zamanda hərbi müstəvidə gərginlik olacağı istiqamətində şərh edilib. Bu da məlumdur ki, bir neçə gün öncə Rusiya Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə də zərbə endirmişdi. Müzakirələr zamanı ABŞ-nin Rusiya ilə müharibəyə başlayacağı halda Azərbaycanın hansı mövqedə dayanacağı diqqət çəkən suallar arasındadır.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Bayramov isə Pravda.az-a açıqlamasında deyib ki, ABŞ yeni müharibəyə başlamaq yox, müharibəni sonlandırmaqla bağlı fəaliyyətlər həyata keçirir.

“Donald Trampın son görüşlərində də əsas məqsəd Rusiya-Ukrayna arasındakı müharibənin daha qısa zamanda sonlanmasıdır. Azərbaycan da bütövlükdə regionda stabillik olmasına maraqlıdır. Azərbaycan birmənalı şəkildə həm də region ölkələrinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən dövlətdir. Təbii ki, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini də dəstəkləyirik. Azərbaycan Ukraynaya humanitar yardımlarını davam etdirir. Bu kontekstdə, heç bir halda müharibənin miqyasının genişləndirilməsi arzuolunan deyil. Çünki nəticə etibarilə müharibənin miqyasının genişləndirilməsi nə region, nə də qlobal olaraq məqbul hesab edilir. Azərbaycan regionda sülhün və əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Sözsüz ki, bu siyasət növbəti dövrlərdə də davam etdiriləcək. Bu, cənab Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas strategiyalardan biridir”, - deputat bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
2
icma.az

3Mənbələr