AZ

"DELTA TELEKOM"-a HÜCUMDA RUSİYA İZİ - "Onlardan qaynaqlanması istisna deyil..."

Azərbaycan internetində bu gün qısa müddətli problemlər yaşandı. İstifadəçilər internet bağlantısında və onlayn resurslara çıxışda çətinliklərlə üzləşdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu problemlərin ölkənin əsas internet magistral operatorlarından biri olan Delta Telekom-a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində baş verdiyini açıqlayıb.

Nazirlik bildirir ki, hücum zamanı trafik dərhal digər backbone operatorlara – "Azertelecom" və "Aztelecom" şəbəkələrinə yönləndirilib və internet xidmətlərinin davamlılığı təmin olunub.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələyə münasibət bildirərək qeyd edib ki, bir neçə backbone operatorunun mövcudluğu bu kimi hallarda kritik önəm daşıyır: “Azərbaycanda bir neçə magistral provayderin olması bu cür hücumlar zamanı itkilərin minimuma endirilməsinə və xidmətlərin bərpasına şərait yaradır. Bu, həm rəqabətin, həm də alternativlərin nə qədər vacib olduğunu bir daha göstərdi".

Osman Gündüz bildirib ki, hücumun arxasında kimin dayandığı hələlik rəsmi şəkildə açıqlanmasa da, mövcud siyasi kontekstə baxdıqda Rusiyadan qaynaqlanma ehtimalı nəzərdən qaçırılmamalıdır: “Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı gücləndirir. Rusiya dövlətlərarası münasibətlərdə kiberhücumlardan aktiv istifadə edən ölkələr sırasındadır. Xatırladaq ki, Rusiya daha əvvəl Ukraynada yerləşən SOCAR strukturlarına qarşı da bir neçə dəfə kiberhücumlar həyata keçirib".

Ekspert qeyd edir ki, Azərbaycanın internet trafikinin hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunması, ölkəni müəyyən risklər qarşısında qoyur. Bu səbəbdən kritik infrastrukturun təhlükəsizliyi və rəqəmsal suverenlik məsələləri dövlət üçün strateji prioritetlərdən biri olmalıdır.

Gündüz əlavə edib ki, bu kimi hadisələr Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində alternativ marşrutlara və trafikin diversifikasiyasına nə qədər ehtiyac duyduğunu göstərir: “Transxəzər fiber-optik layihəsi kimi təşəbbüslər, eləcə də müstəqil çıxış kanallarının yaradılması, Azərbaycanın rəqəmsal suverenliyi və informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır".

Osman Gündüz şərhini bu fikirlə tamamlayıb: “Kommunikasiyalar alternativləri sevir. Tək bir mərkəzdən asılı olmaq həm texniki, həm də siyasi riskləri artırır. Ona görə də, bu sahədə alternativlərin inkişafı prioritet olmalıdır".

AzPolitika.info

Seçilən
10
1
hurriyyet.az

2Mənbələr