-Qüdrət bəy, Əbülfəz Elçibəyin dünyasının dəyişməsindən 25 il vaxt keçir, bu gündən baxanda Elçibəyi necə xatırlayırsınız?
-Allah rəhmət eləsin! Elçibəy Milli Azadlıq Hərəkatının lideri kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Zamanında Elçibəyi qonşu dövlətlərlə düzgün siyasi münasibətlər qura bilməməkdə qınayırdılar, o sadəcə qonşularla qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu münasibətlər istəyirdi, bu gün onun nə qədər haqlı olduğunu görürlər. Bəzi xarici dövlətlərin nüfuz agentləri onu pantürkist olmaqda ittiham edirdi. Bu gün Türkiyə, türk dövlətləri əsas güvənc yerimiz, müttəfiqlərimiz, dayağımızdır. Prezident Elçibəyi xarici dövlətlərin təşkil etdiyi hərbi qiyamla devirdilər. O, müasir dövlət quruculuğu istiqamətində bir çox ideyalarını gerçəkləşdirə bilmədi. Amma tərəfdarlarına müraciətində deyirdi ki, bəzi məsələlərin həlli zamana bağlıdır. Yəni, geosiyasi reallıqlar və xalqın inkişaf səviyyəsi, siyasi yetkinliyi, dəyişiklikləri labüd etməlidir. Təəssüf ki, Elçibəy Qarabağın azad olunmasını görmədi. Onun türk dövlətləri ilə sıx inteqrasiya, azad bazar iqtisadiyyatı, hüquqi, demokratik dövlət quruculuğu istiqamətindəki ideyaları da tam miqyasda zamanla gerçəkliyə çevriləcək.
-Qüdrət bəy, Prezident Kəlbəcərdə müharibəyə hazır olmalıyıq dedi. Bu barədə nə deyərdiniz?
-Belə bir deyim var, sülh istəyirsənsə, müharibəyə hazır ol. Müraciət erməni revanşistlərinə və onların havadarlarına ünvanlanıb. Onlara xatırlatma edildi ki, təxribatlara əl atsanız, növbəti dəfə peşman olacaqsınız.
-Ermənistanla sülhə və kommunikasiya xətlərinin açılmasına yaxınlaşmağımız bəzi xarici dövlətlərin ölkəmizdə təxribatlar törətməsinə yol aça bilərmi?
-Belə təxribatlardan heç kim 100 faiz sığortalana bilməz. Amma dəfələrlə demişəm, Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) belə təxribatların qarşısını almağa və təxribatçıları layiqincə cəzalandırmağa hazırdır. Xalqımız da ayıq-sayıq olmalı, sosial-iqtisadi çətinliklər birliyimizi pozmamalıdır. Azərbaycanda sabitliyi pozmaq heç kimə nəsib olmayacaq. Sadəcə bizə lazımdır ki, neftdən asılı olmayan, güclü rəqabətin olduğu bazar iqtisadiyyatı quraq. Bunun üçün isə mülkiyyət toxunulmazlığını təmin edəcək güclü məhkəmə hakimiyyəti lazımdır. İqtisad məhkəməsinin adını dəyişib kommersiya məhkəməsi qoymaq, məhkəmə islahatı deyil. Biznes subyektləri ilə əlaqədar bütün mübahisələrə, tərəflərin kim olmasından asılı olmayaraq, kommersiya məhkəmələrində baxılmalıdır. Hakimlərin yüksək maddi təminatı və toxunulmazlığı təmin olunmalıdır. Hakimləri, deputatları intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən azad etmək olmaz. Konstitusiyada nəzərdə tutulan, dövlət idarəetməsində hakimiyyət bölgüsü prinsipinə real məzmun verilməlidir. Onlar yalnız cinayət törətdikdə vəzifəsindən kənarlaşdırıla bilər və bu prosesdə Prezident və Milli Məclis iştirak etməlidir. Milli Məclisin qanunların icrasına nəzarət mexanizmi yaradılmalıdır. Əgər bunları edəriksə, azərbaycanlılar iş arxasınca başqa ölkələrə üz tutmayacaq, qonşu ölkələrdən bizə işçi qüvvəsi axacaq, maaşlar, pensiyalar, müavinətlər artacaq, əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək, bu zaman büdcə gəlirləri artacaq və buna paralel müdafiə və təhlükəsizlik xərcləri də artacaq,ölkədə vətəndaş məmnunluğu olcaq. İnsanlar bir-birinin hüquqlarını pozmaqla yaxşı yaşamağa can atmayacaqlar.
-Yaxın vaxtlarda Zelenski ilə Putin arasında danışıqların baş tutacağına inanırsınızmı?
-Putin inanır ki, sülh olmasa, o daha çox torpaq işğal edə, Ukraynanı Rusiyadan asılı dövlətə çevirə bilər. Amma Rusiyanın da müharibə aparmaq üçün resusları tükənməz deyil. Putin Trampa çox güvənir. Tramp Hindistanla Çini həm bir-birinə, həm Rusiyaya çox yaxınlaşdırdı, ölkəsinin Ukraynaya hərbi yardımına, ABŞ-nin Rusiyaya sanksiya tətbiq etməsinə bacardıqca mane olur. Rusiya onun NATO-nu və ABŞ-ni dağıtmaq üçün bacardığı hər şeyi edəcəyinə inanır, eynən Qorbaçovun SSRİ-ni və Varşava müqaviləsi təşkilatını dağıtdığı kimi. Bu yaxınlarda bununla bağlı "Gazeta.ru" internet portalında bir yazı oxudum. Kreml bunu gözləyir. Amma SSRİ-dən fərqli olaraq ABŞ-də nə mütləqiyyət mövcud deyil, nə də Trampın imkanları sonsuz. Makiavellinin belə bir sözü var: "Danışıqlar aparmaq lazım gələndə qılıncını endirməyənlər sonda məğlub olur". Rusiya Ukrayna ilə danışıqlar aparmalıdır. Təəssüf ki, Rusiya Ukrayna üçün qəbul edilməsi çətin olan şərtlər irəli sürməklə bundan yayınır.