AZ

İlham Əliyevin Türkmənistana səfəri: siyasi və iqtisadi əlaqələrdə yeni imkanlar

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfərə gedib.

Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb və onu Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Bu səfər Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli qarşılıqlı səfərlər və iqtisadi əməkdaşlıq üzrə təşəbbüslər strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Tənzilə Rüstəmxanlı bildirib ki, son dövrlərdə Azərbaycanla Türkmənistan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik:

"Uzun illər müstəqilliyimizi qazandığımız gündən bəri iki ölkə arasında müəyyən soyuqluq mövcud olsa da, artıq bu münasibətlərin normallaşması və daha da inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılır. Bu prosesdə Azərbaycan Prezidentinin təşəbbüsləri ilə yanaşı, Milli Məclisin sədri Sahibə Qafarovanın da mühüm rolu xüsusi qeyd olunmalıdır. O, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qəbul edərkən gələcək münasibətlərin yol xəritəsini əks etdirən təkliflər irəli sürmüş, parlamentlərarası əməkdaşlığın ən yüksək səviyyədə saxlanmasına önəm vermişdir".

Tənzilə Rüstəmxanlı: Azərbaycan Prezidentinin Türkmənistana səfəri  qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək

Onun sözlərinə görə, son günlər Türkmənistan xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, həmçinin işğaldan azad olunmuş torpaqlara etdiyi ziyarət, böyük nümayəndə heyəti ilə birlikdə reallaşdırıldı:

"Bu səfər zamanı verilən mesajlar, aparılan müzakirələr iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Növbəti addım kimi baş tutan Azərbaycan Prezidentinin Türkmənistana səfəri də qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək".

Müsahibimiz əlavə edib ki, Türkmənistanın neytral mövqeyinə baxmayaraq, onun Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri olub. Bu, həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də Türk Dövlətləri Təşkilatının gələcək yol xəritəsinə mühüm təsir göstərən amillərdəndir:

"Ümumilikdə, bu səfərlər və təşəbbüslər Azərbaycan–Türkmənistan münasibətlərinin yeni siyasi və iqtisadi mərhələyə daxil olmasının bariz göstəricisidir".

Əli Hüseynov

Seçilən
102
50
bakivaxti.az

10Mənbələr