AZ

Azərbaycan auditorları iyunda 600-ə yaxın müqavilə bağlayıb

Bu ilin iyun ayında Azərbaycan auditorları ümumilikdə 562 audit müqaviləsi bağlayıb.

“Report” Auditorlar Palatasına istinadən xəbər verir ki, bunun 10-u icra olunub, 328-i üzrə rəy verilib, 224-ü isə icradadır.

Müqavilələrin 483-ü maliyyə-təsərrüfat əməliyyatlarının auditi (MHA) üzrə qeydə alınıb.

Bundan başqa, 19 müqavilə nizamnamə kapitalının formalaşdırılmasının auditi, 2 müqavilə vergi hesabatlarının auditi, 5 müqavilə əmlakın qiymətləndirilməsinin düzgünlüyünün təsdiqi, 21 müqavilə məsləhət xidməti, 1 müqavilə müəssisələrdə mühasibat xidmətləri, 31 müqavilə isə digər auditor xidmətləri üzrə bağlanıb.

Ümumilikdə Palatanın müəyyən etdiyi minimum qiymət hədlərinə uyğun olaraq 509 müqavilənin dəyəri 4,95 milyon manat təşkil edib. Orta müqavilə məbləği isə 9 743,9 manat olub. Müqavilələrin 60,9 %-i məcburi audit, 39,1 %-i isə könüllü audit subyektlərinə aid edilib.

Monitorinq nəticəsində bəzi hallarda müqavilələrin minimum həddən yuxarı, bəzən isə aşağı məbləğlə bağlandığı müəyyən olunub. Belə ki, 10 auditor təşkilatı və 1 sərbəst auditor 12 müqaviləni daha yüksək qiymətlərlə rəsmiləşdirib. Bununla yanaşı, “ASON AUDİT” və “RR AUDİT” MMC-lər, sərbəst auditor Bilal Bilallının bağladığı 4 müqavilə minimum həddən aşağı olub.

Auditorlar Palatası nəticələrə əsasən, yüksək məbləğli müqavilə bağlayan auditorlara təşəkkür məktublarının göndərilməsini, qaydalara əməl etməyənlərə isə şifahi xəbərdarlıq edilməsini qərara alıb. Qurum həmçinin xəbərdarlıq edib ki, gələcəkdə belə hallar təkrarlansa, daha sərt intizam tədbirləri görüləcək.

Seçilən
98
report.az

1Mənbələr