AZ

Azərbaycanda kimlər hərbi xidmətdən azaddır?

Hərbi xidmət hər bir vətəndaşın borcudur, amma qanunvericilikdə bəzi şəxslərin bu xidmətdən azad edilməsi nəzərdə tutulub.  Bəs Azərbaycanda kimlər hərbi xidmətdən azad olunur? Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?
Moderator.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Araz Nurməmmədov bildirib ki, hərbi xidmət məsələləri Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla tənzimlənir və həmin qanunun 23-cü maddəsində hərbi xidmətdən azadolma halları konkret şəkildə göstərilib:
 
“Qanuna əsasən, aşağıdakı şəxslər hərbi xidmətə çağırışdan azad olunurlar:
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
Sağlamlıq vəziyyətinə görə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilən şəxslər;
30 yaşı tamam olan və müxtəlif səbəblərdən hərbi xidmətə çağırılmayan şəxslər;
Alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
Azərbaycan vətəndaşlığını qəbul edənədək və ya Azərbaycan Respublikası mənsubiyyəti tanınanadək olan şəxslər;
Ağır və xüsusilə ağır cinayət törədərək azadlıqdan məhrum edilmiş, eləcə də ömürlük azadlıqdan məhrum edilmiş şəxslər;
Vətəndaşlığına xitam verilmiş şəxslər.
Bundan əlavə, həm dinc, həm də müharibə dövründə tam yararsız hesab olunan şəxslər hərbi qeydiyyatdan çıxarılır.
Qanunda alternativ xidmət məsələsi də nəzərdə tutulub. 1992-ci il 31 iyul tarixli Prezident Fərmanı ilə təsdiq olunmuş Əsasnamədə Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət keçmə qaydaları müəyyənləşdirilib. Əsasnaməyə görə, bu xidməti keçmək istəyən şəxs çağırışdan iki ay əvvəl komissiyaya müraciət etməlidir. Komissiya müraciəti müzakirəyə çıxarır və müvafiq qərar qəbul edir.
Qeyd edim ki, alternativ xidmətlə bağlı normativ baza mövcud olsa da, hazırda Azərbaycanda bu mexanizm praktikada tətbiq edilmir. Yaş məsələsinə gəldikdə isə, hərbi xidmətə çağırış üçün əsas yaş həddi 18–25 yaş arasıdır”.
 
Vəkil əlavə  edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə görə, Vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur. Həmin maddənin ikinci bəndində isə qeyd olunur ki, əqidəsinə görə hərbi xidmət keçmək istəməyən şəxslərə qanunla müəyyən edilmiş hallarda alternativ xidmət hüququ verilir:
 
“Əgər vətəndaşın dini və ya digər əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, bu halda o, alternativ xidmətə müraciət edə bilər. Lakin burada əsas məsələ odur ki, müraciət edən şəxs öz əqidəsinin həqiqətən hərbi xidmətlə ziddiyyət təşkil etdiyini əsaslandıra bilsin. Əgər bu əsaslandırma inandırıcı hesab olunmazsa, alternativ xidmətə keçməsinə icazə verilməyəcək. Qanunda alternativ xidmətin növləri də göstərilib. Alternativ xidmət əslində dövlətin müəyyən etdiyi iş sahələrində – məsələn, səhiyyə, sosial xidmət, kənd təsərrüfatı, ictimai təsərrüfat işləri, fövqəladə hallar zamanı xilasetmə və bərpa işləri kimi sahələrdə həyata keçirilə bilər. Yəni bu xidmət hərbi xidmətin əvəzi olaraq vətəndaşın əmək fəaliyyəti ilə ifadə olunur. Amma praktikada Azərbaycanda alternativ xidmət mexanizmi hələ tam tətbiq edilmir. 
Xəstəlik məsələsinə gəldikdə isə, vətəndaşın hərbi xidmətə yararlılığı yalnız tibbi ekspert komissiyasının rəyi əsasında müəyyən olunur. Qanunda “Xəstəliklər Siyahısı” mövcuddur və orada hansı hallarda şəxsin dinc dövrdə yararsız, müharibə dövründə isə məhdud yararlı sayılacağı qeyd edilib. Məsələn, ciddi ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, ruhi-əsəb pozuntuları, ağır yoluxucu xəstəliklər və digər bu qəbildən olan patologiyalar şəxsi hərbi xidmətə yararsız edə bilər. Amma yüngül dərəcəli xəstəliklər yararsızlıq üçün əsas olmur. Hər bir halda həkim-ekspert komissiyasının rəyi həlledici olur”.
 
Mehin Mehmanqızı
 
Seçilən
23
moderator.az

1Mənbələr