Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) məlumatına əsasən, ağcaqanadlar vasitəsilə yayılan xəstəliklər Avropada rekord səviyyəyə çatıb. Eyni zamanda, əvvəllər nadir görülən virus infeksiyaları yayılmağa başlayıb.
AZƏRTAC Almaniyanın “Ştern” jurnalına istinadla xəbər verir ki, bu il 335 nəfər Qərbi Nil virusuna yoluxub. Onlardan 274-ü İtaliyada qeydə alınıb. Yoluxmuş şəxslərdən 19-u virusun fəsadları nəticəsində dünyasını dəyişib.
Bundan başqa, çikunqunya virusu da Avropada tədricən yayılmağa başlayıb. Bunun əsas səbəbi isə iqlim dəyişikliyi nəticəsində havanın istiləşməsi və yay fəslinin müddətinin uzanmasıdır.
Mütəxəssislər ağcaqanad sancmalarına qarşı daha ciddi və güclü qorunma tədbirlərinin görülməsini tövsiyə edirlər.