Saziş gərginliyi azaltmaq üçün məhdud tədbirləri əhatə edəcək...
Poliqon xəbər verir ki, bu barədə The Independent Arabia nəşri məlumat yayıb.
Səudiyyə nəşri, yüksək səviyyəli suriyalı mənbələrə istinadla, yazır ki, Suriya və İsrail ABŞ-ın vasitəçiliyi ilə 25 sentyabrda təhlükəsizlik sazişi imzalamağı planlaşdırır. Gözlənilir ki, mərasimdə ABŞ prezidenti Donald Tramp iştirak edəcək.
Mənbənin məlumatına görə, sazişdən bir gün əvvəl, 24 sentyabrda, Suriya prezidenti Əş-Şara Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək. Həmçinin qeyd olunur ki, sazişin imzalanması tammiqyaslı sülh müqaviləsi anlamına gəlmir; sənəd yalnız iki ölkə arasında gərginliyin azaldılmasına yönəlmiş məhdud təhlükəsizlik tədbirlərini əhatə edir.
İsrail hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib. Əgər xəbərlər təsdiqlənərsə, bu, 1948-ci ildən bəri rəsmi olaraq müharibə vəziyyətində olan İsrail-Suriya münasibətlərində misilsiz addım olacaq.
Mütəxəssislər bildirirlər ki, saziş iki ölkə arasında dialoqun başlanğıcı ola bilər və regional təhlükəsizlik mühitində müəyyən stabilləşmə yaradacaq. ABŞ-ın vasitəçiliyi həm də tərəflər arasında etimadın artırılması üçün əhəmiyyətli rol oynayır.
Poliqon.info