Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən icra edilən “Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” layihəsinin növbəti mərhələləri müəyyənləşdirilib.
QHT.az xəbər verir ki, layihənin davamı çərçivəsində xüsusən tələbələr arasında məlumatlandırma seminarlarının təşkili nəzərdə tutulur. Birliyin sədri Südabə Məmmədova QHT.az-a açıqlamasında bildirib ki, tədbirlər zamanı insan alveri cinayətləri barədə ətraflı məlumat veriləcək:
"Bu layihə çərçivəsində inşallah ki, dərslər başlasın. Tələbələr arasında bir neçə məlumatlandırma xarakterli seminarlarımız olacaq. Yəni insan alveri cinayətləri barədə məlumat verəcəyik."
Südabə Məmmədovanın sözlərinə görə, müasir dövrdə texnologiyanın inkişafı ilə paralel olaraq onlayn cinayətlərin də sayı artır. O qeyd edib ki, sosial şəbəkələr üzərindən insanların aldadılması və qurbanlara çevrilməsi halları artdığı üçün bu istiqamətdə də maarifləndirici tədbirlər görüləcək:
"Xüsusən tələbələr arasında silsilə tədbirlər keçirmək fikrindəyik. Məqsədimiz onların insan alveri və onlayn təhlükələrlə bağlı məlumatlılığını artırmaqdır."
Qeyd edək ki, layihənin əsas məqsədi bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizəni gücləndirmək, xüsusilə gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaqdır.
Pərvanə Fərhadqızı