AZ

Məhkəmə "Yetim Sabir"in qardaşının hökmünü ləğv etdi

Gəncə Apellyasiya Məhkəməsində kriminal aləmdə "Yetim Sabir" kimi tanınan Sabir Əsgərovun qardaşı Pərvin Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cinayət Prosessual Məcəlləsinin 308.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulub.


Qərara əsasən, apellyasiya şikayətinə baxılmasına xitam verilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli hökmü ləğv edilib, cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.


İttihama görə, kriminal aləmdə "Yetim Sabir" kimi tanınan Sabir Əsgərov Rusiyada bizneslə məşğul olan sahibkardan cəzaçəkmə müəssisəsindəki dustaqlar üçün pul tələb edib. Sahibkar isə bu təklifdən imtina edib. "Yetim Sabir" isə onu ölümlə hədələyib və xaricdə təhsil alan oğlunun həyatına təhlükə yaradacağını bildirib.


Bundan sonra "Yetim Sabir"in qardaşı Pərvin Əsgərov ov tüfəngi ilə sahibkarın Şəmkir rayonu ərazisindəki evinin qarşısına gələrək onun darvazasına atəş açıb. Daha sonra "Yetim Sabir" sahibkara zəng vuraraq "birinci güllə darvazana dəydi, ikinci isə…" deyib.


Sahibkarın şikayətindən sonra Pərvin Əsgərov şübhəli şəxs qismində tutulub.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Əsgərov 7 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsini, Pərvin Əsgərovun təqsiri sübuta yetrilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

 

Kamal Məmmədov 


Tarix: 22 Avqust 2025, 08:21   
Seçilən
18
2
pravda.az

3Mənbələr