Ölkəmizin miqrasiya saldosu da müsbətdir
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ölkə əhalisinin sayı bu ilin əvvəlindən 16 min 833 nəfər və ya 0,2 faiz artaraq iyul ayının 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatıb. Əhalinin 54,4 faizi şəhər, 45,6 faizi kənd sakinləridir.
İşğaldan azad olunmuş ərazilərimizdə yenidən tikilən və bərpa edilən yaşayış məntəqələrində keçmiş məcburi köçkünlərin məskunlaşması nəticəsində kənd əhalisinin sayında artım baş verir. Belə ki, Qarabağda və Şərqi Zəngəzurda şəhər və rayon mərkəzləri ilə yanaşı, çoxsaylı kəndlər də yenidən tikilib istifadəyə verilir. Bu, əlbəttə, ölkənin sosial-iqtisadi həyatına, o cümlədən urbanizasiya ilə bağlı problemlərin həllinə, şəhər və kənd əhalisinin sayının tarazlaşmasına getdikcə daha çox müsbət təsir göstərəcək. Ümumilikdə isə Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, bu il avqust ayının 1-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 17 min 204 nəfərdən ibarət 4325 ailənin qayıdışı təmin edilib. Bunu DSK Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına istinadən bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, DSK həmçinin bildirir ki, sözügedən tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı 35 min 385 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 tələbə də nəzərə alınmaqla həmin ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 53 min 739 nəfərə çatıb. Qeyd edək ki, yurda dönüş davam edir. İşğal olunmuş ərazilərimizə köçən insanların sayı aydan-aya deyil, gündən-günə artır.
Ölkə əhalisinin regionlar üzrə yerləşməsi isə belədir: cari il iyul ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
İlin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 min 616 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9-a düşüb. Yeni doğulanlara aid daha bir göstərici onlardan 1510-nun əkiz, 63-nün isə üçəm olmasıdır.
Altı ay ərzində doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Bu fakt göstərir ki, ölkəmizdə dünyaya gələcək uşaqların cins tərkibində bioloji tarazlıq süni surətdə yenə də pozulur. Belə ki, bu sahənin mütəxəssislərinin fikrincə, nisbət 51 faiz (oğlanlar) və 49 faiz (qızlar) olmalıdır. Təbiətin yaratdığı həmin tarazlığa müdaxilə nəticəsində genefonda böyük zərbə dəyir. Onu da deyək ki, statistik rəqəmlər ölkəmizdə qadınların sayının ildən-ilə azaldığını göstərir. Yeri gəlmişkən, hazırda əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.
Sözügedən dövrdə doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (11,4), Lənkəran-Astara (11), Qarabağ və Şərqi Zəngəzur (10,6), Mil-Muğan (10,3), Şirvan-Salyan (10,1), Quba-Xaçmaz və Mərkəzi Aran (9,9), Qazax-Tovuz (9,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (9) yüksək olub.
Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 29 min 400 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb. Bu, əlbəttə, dövlətin insanların sağlamlığına göstərdiyi böyük qayğı, əhalinin maddi rifah halının getdikcə yaxşılaşması, eləcə də milli-mənəvi dəyərlərə söykənən ailə bağlarımızın, məsələn, yaşlılara diqqət və sevginin nəticəsində mümkün olur.
Daha bir xoş xəbər nikahların sayının artması və boşanmaların sayının azalmasıdır. Bu, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatlarına əsasən, DSK-nin göstərdiyi rəqəmlərdə öz əksini belə tapır: cari ilin birinci yarısında 24 min 815 nikah və 10 min 350 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4-dən 4,9-a qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.
Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (6,4), Qarabağ (6,2), Mil-Muğan (5,7), Lənkəran-Astara (5,6), Şirvan-Salyan (5,4), Dağlıq Şirvan (5,1), Bakı (5) iqtisadi rayonlarında ölkə göstərcisindən (4,9) yüksək olub.
Miqrasiya saldomuz da müsbətdir. Belə ki, Azərbaycanda yaşamaq və işləmək qərarında olan insanların sayı ildən-ilə artır. Bu ilin 6 ayı ərzində isə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1709 nəfər gələn, Azərbaycandan isə 1092 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 617 nəfər təşkil edib.
Flora SADIQLI,
"Azərbaycan"