AZ

AŞPA Azərbaycanın ardınca Gürcüstanı da itirir - Qafqazda yenilik...


Qərbdə anti-Azərbaycan şəbəkəyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qoşulması artıq heç kimə sirr deyil. Xatırladaq ki, təşkilatın 2024-cü il qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.

Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. Bundan sonra Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edib.

Hazırda Azərbaycanla əməkdaşlığın dayandırlmasından daha çox AŞPA özü zərər görür. Proseslər isə AŞPA-nın eyni səhvi Gürcüstana münasibətdə də təkrarladığını göstərir. Belə ki, qurumda Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif olunub. Hətta hökumətin avtoritarlığına görə respublikanı Avropa Şurasından çıxarmaq da gündəmə gəlib. Ölkənin baş naziri İrakli Kobaxidze vəziyyəti absurd adlandırıb, çünki Tiflis hələ yanvar ayında AŞPA-ya üzvlüyünü dayandırıb. Yada salaq ki, Avropa Şurasından çıxarılma ilk növbədə Gürcüstanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) yurisdiksiyasından çıxmasına gətirib çıxaracaq. Müvafiq olaraq, gürcülər daha ora apellyasiya şikayəti verə bilməyəcək və “Gürcü arzusu” Avropa Məhkəməsinin qərarlarını icra etmək zərurətindən xilas olacaq. Bundan əvvəl 2024-cü ilin yanvarında Azərbaycan hakimiyyəti bu qurumun Bakıya münasibətinə yenidən baxmasa, Avropa Şurasını tərk edəcəyi ilə hədələyib. 2022-ci il martın 15-də Rusiya NATO və Aİ-ni bu qurumu anti-Rusiya alətinə çevirməkdə ittiham edərək Avropa Şurasından ayrılıb. İndi AŞPA-dakı vəziyyətə baxmayaraq, Kobaxidze əmin edir ki, onun hökumətinin xarici siyasətinin prioritetləri Avropa İttifaqı ilə inteqrasiya və strateji tərəfdaş kimi ABŞ-la əlaqələrin inkişafı olaraq qalır. Onun sözlərinə görə, onlarla münasibətlərdə mövcud çətinliklər müvəqqətidir və Tiflis onlara görə məsuliyyət daşımır. Kobaxidze hesab edir ki, böhrana Qərbdə necə deyərlər, “Gürcü arzusu”nun avtoritar idarəetmə üsulları deyil, tərəfdaşların “demokratik reqressiyası” səbəb olur. Xüsusilə, baş nazirin sözlərinə görə, Brüssel Gürcüstan hakimiyyəti ilə “sağlam müzakirədən” yayınır: “Bu gün Avropa ittifaqında demokratiya, insan haqları, iqtisadiyyat sahəsində tendensiyalar həyəcanvericidir. Təəssüf ki, bütün sahələrdə reqressiya var. Ümid edirik ki, 2030-cu ilə qədər Aİ üzvlüyünə hazır olduğumuz zaman bu tendensiyalar dəyişəcək və bütün Avropa İttifaqında demokratik sistem bərpa olunacaq. İnsan haqları daha yaxşı qorunacaq, iqtisadiyyat güclənəcək”. O, həmçinin qeyd edib ki, Gürcüstanın Aİ ilə münasibətləri 2022-ci ildə, Gürcüstan hakimiyyəti Rusiya ilə hərbi qarşıdurmadan imtina edəndə pisləşib: “Bizim istəyimiz Avropa İttifaqına daxil olmaqdır, lakin hər şey göstərir ki, bir ölkə üçün sülhün əsas təminatı onun öz müstəqilliyi və suverenliyidir, hamı bunu yaxşı xatırlamalıdır”. O, həmçinin hesab edir ki, Aİ ölkələri suverenlik çatışmazlığından əziyyət çəkir, çünki Avropa bürokratiyası kifayət qədər güclü deyil: “Avropa bürokratiyası xarici təsir altındadır. Müvafiq olaraq, onun obyektiv maraqlara əsaslanan qərarlar qəbul etməsi çətindir. Bu, əsas problemdir - suverenliyin olmaması. Avropa İttifaqında öz müstəqilliyini və suverenliyini qətiyyətlə müdafiə edən bir neçə dövlət qalıb”.

Kobaxidze Aİ ölkələrinin konkret olaraq kimdən asılı olduğunu izah etməyib. Adətən belə hallarda Avropa İttifaqını tənqid edənlər Avropa ölkələrini öz maraqları çərçivəsində manipulyasiya edən Vaşinqtonu nəzərdə tutur. Lakin Kobaxidzenin bununla bağlı heç bir şikayəti yoxdur. Əksinə, Tiflis ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının sağlam münasibətinə ümid bəsləyir. Kobaxidze bildirib: “Biz konkret yol xəritəsi ilə strateji tərəfdaşlığı yeniləmək istəyirik... Ümid edirik ki, sağlam əhval-ruhiyyə olacaq, strateji tərəfdaşlıq sağlam şəkildə yenilənəcək, bu bizim istəyimizdir, biz Amerika tərəfini gözləyirik”. Düzdür, münasibətlərin bərpasından danışmaq hələ tezdir. Tarixdə ilk dəfə olaraq ABŞ BMT Təhlükəsizlik Şurası üzvlərinin 2008-ci il müharibəsi ilə bağlı birgə bəyanatına qoşulmayıb. Sənədi yalnız Aİ ölkələri və Böyük Britaniya imzalayıb. Nə olursa olsun, rəsmi Tiflis Avropa demokratiyasının problemlərini müzakirə edərkən, müxalifət mediası “Gürcü arzusu”nun nümayəndələri ilə onların əleyhdarları arasında qanqster döyüşləri haqda xəbərlər yayır. Belə ki, Gürcüstanın Duşeti şəhərində hakim partiyadan merliyə namizəd Kaxaber Çitaurinin rəqibi Qoqita Taniaşvilini yerli qəbiristanlığa aparması xəbəri gəlib. Çitauri Taniaşvilinin seçkilərdən geri çəkilməsini tələb edib və o, imtina etdikdə onu döyüblər. Gürcü ekspert Şota Apxaidze bildirib ki, “Gürcü arzusu” respublikanın Konstitusiyasına və ya demokratik əqidəsinə görə deyil, maliyyə səbəblərinə görə Avropa İttifaına üzv olmağa çalışır. Öz növbəsində, politoloq Gia Xuxaşvili hesab edir ki, Gürcüstan hakimiyyəti şifahi şəkildə Aİ-yə daxil olmağa can atsa da, praktiki olaraq onunla münaqişəni qəsdən gərginləşdirir, onu getdikcə daha çox təhqir edir: “Bu baxımdan respublikanın Avropa Şurasından çıxarılması və Avropa İttifaqı ilə vizasız rejimdən məhrum edilməsi kifayət qədər real perspektivlərdir. Amma bu, “Gürcü arzusu”nu qətiyyən narahat etmir, çünki o, öz rejimini gücləndirməyə çalışır, hakimiyyəti heç kimlə bölüşmür”.

Samirə SƏFƏROVA

Seçilən
15
baki-xeber.com

1Mənbələr