AZ

Arif Əliyev: Sülh sazişinin imzalanacağına mütləq qarantiya yoxdur MÜSAHİBƏ

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Keçilməli mühüm mərhələlər, mövcud olan, yaxud yarana biləcək maneələr var

“Ermənistanın Konstitusiya Məhkəməsi sülh sazişinə əngəl ola bilər”

Cənubi Qafqazda uzun illər davam edən münaqişələrdən sonra sülh gündəliyi ətrafında proseslər intensiv xarakter alıb. ABŞ prezidentinin təşəbbüsü ilə Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin görüşməsi, sülh sazişinin mətninin razılaşdırılması və paraflanması tərəflər arasında dialoqun yeni mərhələyə qədəm qoyduğunu göstərir.

 Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə də səsləndirdi ki, sülh müqaviləsinin paraflanması faktiki olaraq Azərbaycan-Ermənistan qarşıdurmasına son qoyur. Ölkə rəhbəri vurğuladı ki, Ermənistanla sülh müqaviləsinin müəllifi Azərbaycandır və o bəndlərin tərtibatında bizim mövqeyimiz hər zaman əsas götürülüb. Təbii ki, yekun sülh sazişi hələ imzalanmayıb. Qarşıda həm hüquqi, həm də siyasi baxımdan bir sıra maneələr qalmaqdadır. Ermənistanın hazırkı konstitusiyasındakı məhdudiyyətlər, ölkədaxili siyasi balans, böyük güclərin - Rusiya, ABŞ və İranın regiondakı maraqları prosesi həm sürətləndirə, həm də yubada bilər. Son günlərdə Azərbaycan-Ermənistan sülh danışıqlarında baş verən proseslərlə bağlı "Şərq"in müsahibi "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, siyasi şərhçi Arif Əliyevdir. Müsahibimiz Vaşinqton görüşündə əldə olunmuş razılaşmalar və toqquşan regional maraqlar fonunda sülh prosesini təhlil edib. 

 - Arif müəllim, ABŞ prezidentinin təşəbbüsü ilə Ağ Evdə Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilən görüşü, sülh sənədinin paraflanmasını sülh prosesində ən sonuncu mərhələ kimi dəyərləndirmək olarmı? 

 - Sülh sazişinin mətninin razılaşdırılması və paraflanması, əlbəttə, mühüm mərhələdir, ancaq nəinki sonuncu addım deyil, hətta onun imzalanacağına mütləq qarantiya da deyil. Keçilməli mühüm mərhələlər, mövcud olan, yaxud yarana biləcək maneələr var. Məsələn, Ermənistanın Konstitusiya Məhkəməsi sazişin mətninin əsas qanunun müddəalarına uyğun gəlmədiyini deyə bilər. Nəzəri cəhətdən, doğrudan da mümkündür. Buna Nikol Paşinyan da işarə edir, deyir ki, belə olarsa, o özü Konstitusiyanın dəyişdirilməsi təşəbbüsü ilə çıxış edəcək. Axı Ermənistan Konstitusiyasında Müstəqillik haqqında Deklarasiyaya istinad var. Orada isə “Qarabağ problemi”nin tamam başqa həlli forması əksini tapıb. Ancaq Ermənistanın Konstitusiya Məhkəməsi işə pəl vurmasa belə, Azərbaycanın tələbi yerində qalır. Sülh sazişinin imzalanması üçün İrəvan ölkə qanunvericiliyini Azərbaycana qarşı ərazi iddialarına əsas yarada biləcək bütün müddəalardan təmizləməlidir. 

 - Yekun sülh sazişinin yaxın aylarda imzalanması ehtimalı varmı? Yoxsa Paşinyan hökuməti prosesi 2026-cı ildə keçiriləcək seçkilərdən sonraya saxlayacaq?

 - Belə bir ehtimal tam istisna deyil. Xüsusən, iyul ayının 10-dan etibarən hadisələrin necə sürətlə inkişaf etdiyini nəzərə alsaq, hər şey ola bilər. Prinsipcə, variantlar mövcuddur. Necə deyərlər, çobanın könlü olarsa... Ancaq indiki halda, məncə, Azərbaycanın xüsusi tələskənliyə ehtiyacı yoxdur. Ermənistandakı seçkilərin nəticəsi, orada gözlənilən Konstitusiya dəyişikliyi üçün hansı taktikanın ortaya qoyulacağı bizim üçün də maraqlıdır. İndiyədək əldə olunmuş razılıqlar, götürülmüş öhdəliklər saziş imzalanmadan belə sülh prosesini irəlilətməyə imkan verir. 

 - Mühüm razılaşmadan biri də Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlıdır. Dəhlizə nəzarətin ABŞ-yə məxsus şirkətə verilməsini, Amerikanın prosesdə qarant rolunu oynamasını necə təhlil edərdiniz? 

 - Yolun açılması ilə bağlı ümumi format bəllidir, amma detallarla bağlı suallar çoxdur. Bəlkə də, məsələ qəsdən bir qədər açıq qoyulub ki, Ermənistanın, yeri gələndə Azərbaycanın da qonşu ölkələrlə münasibətlərində manevr üçün imkanı saxlanılsın. Hər halda, biz Ermənistanın bəyanatlarında, Rusiya və İran rəsmiləri ilə təmaslarında belə manevrləri aşkar görürük. “Dəhlizə nəzarətin ABŞ-yə məxsus şirkətə verilməsi” ifadəsində “nəzarət” sözünə fərqli yozumlar verilməsinə diqqət yetirin. “Zəngəzur dəhlizi” adını dəyişmək asandır: kimsə “dəhliz” sözündən təşvişə düşürsə, ya kiminsə xüsusi istəyi yaranırsa, ona “Tramp yolu” da demək olar. Amma bu yolu işə salmaq asan deyil. Əvvəla, Ermənistan öhdəlik götürüb, ancaq hələ danışır, real iş görməyib, orada görüləcək işlər isə çoxdur. İkincisi, bu, təkcə Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirən yol olmayacaq. Böyük bölgələri bir-birinə calayan kommunikasiya şəbəkəsinin tərkib hissəsi olacaq. Maraqlar nəhəngdir. Onlarınsa içində üst-üstə düşənlərlə yanaşı, toqquşanları da var.       

 - Paşinyanın addımları, xüsusən ABŞ-nin bölgəyə gəlişi Rusiya və İranda ciddi təşvişə səbəb olub. Moskva və Tehranın sülh prosesini, dəhlizin açılmasını sabotaj etmək təşəbbüsləri uzun çəkəcəkmi? Rusiya və İran prosesi poza, yaxud yubada bilərmi?

 - Təşəbbüslər var, biz bunların şahidiyik. Və təəssüf ki, bundan sonra da olacaq. Çünki söhbət təkcə Bakıdan Naxçıvana rahat gedib-gəlməkdən getmir, ortaya böyük maraqlar girir, nüfuzlar toqquşur. Rusiya və İran prosesi yubadır, ancaq onu poza biləcəklərini düşünmürəm. Həm ona görə ki, indiyə qədər də çox ciddi maneələr yaradılmasına baxmayaraq, Azərbaycan məsələni bu səviyyəyə çatdıra, bu müstəviyə qaldıra bilib. Çətini arxadadır. Həm də ona görə ki, məncə, nəhayət, Paşinyan da söhbətin nədən getdiyini, bu kiçik yolun hər iki ölkəyə hansı böyük dividendlər gətirə biləcəyini başa düşüb. Uzun və qanlı münaqişədən sonra ilk dəfədir ki, Bakı ilə İrəvan bir məsələyə müttəfiq kimi yanaşırlar. Hətta aralarında sülh sazişi imzalanmasa belə...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
sherg.az

2Mənbələr