AZ

Biz nədən və niyə şübhələnirik?

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Biz daim olduğumuz nöqtədən, durduğumuz yüksəklikdən, getdiyimiz yoldan, bələdçilik edənlərin doğru yol seçib seçmədiyindən şübhə edəcəyik. Yoxsa kim bizi hara və necə istəsə aparacaq. "Yolun sonu uçurum ola bilər" deyə daim şübhə duyacaq, bələdçimizdən bizi gedəcəyimiz yerə niyə bu yolla apardığına dair hesab soruşacağıq.

Baxın, diktatirada bir nəfər hamının, demokratiyada hər kəs hər kəsin doğrusunu-yanlışını sorğulayır.

Seçki institutu da şübhənin məhsuludur: 4, 5, 7 il bundan əvvəl seçdiyinin yararlılğından şübhə edirsən. Şübhən doğrulursa onun əvəzinə başqasını seçirsən. Şübhən doğrulmursa, onu yenədən və dəfələrlə seçirsən.

Diktaturada bir nəfər hamıdan şübhələnir, ancaq hamının ondan şübhə etməməsini və gözüyumulu inanmasını tələb edir. Şübhəkarları cəzalandırır. Özünü inanmış kimi göstərənləri və ya inananları isə rahat idarə edir.

Yalnız sallaqxanaya aparılan heyvan heç nədən şübhələnmir, İnsan şüuru isə tam əksinə daim sorğulama modundadır. Yəni sorğulamalıdır.

Tarix boyu insan sorğulamadıqca, hökmdarlar özlərini əvəzolunmaz, bəzən müqəddəs, Allahın Yer üzündəki kölgəsi sayıb. Özünü İlahiləşdirənlər belə var idi. Misir fironları kimi.

Azərbaycan Xalq Cümhuriyəti xalqımızın kollektiv şübhəsinin məhsulu idi. Bu gün də ona müsbət münasibətin səbəbi budur.

Bilirsiniz, insan yalan danışanda məcbur olur ki, onu quraşdırsın. Ona görə də dediyi söz beyinin məhsulu olur. Doğru söz isə ürəkdən gəlir. Ürəyi həssas olan insan, ürəyi ilə dinləyən, oxuyan insan dərhal hansı sözün ürəkdən gəldiyini və ya ürəkdən gəlmədiyini duyur.

Deməli, bizi yaşadan və irəli aparan əslində kor inam deyil, ayıq şübhədir. Hər nə qədər şübhəyə şübhə ilə yanaşsaq da.

Karl Şaqan deyirdi: "Mən inanmaq yox, bilmək istəyirəm".

Görürsünüzmü, insanlığın yüksək ağlı inanmağın özündən də şübhə edib...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
bizimyol.info

1Mənbələr