AZ

Neftçalanın icra başçısı səyyar görüş keçirdi - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Sahiloba kəndinin sakinləri ilə səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Mirhəsən Seyidov bildirib ki, Qərbi Azərbaycan əsrlər boyu Azərbaycan xalqının yaşayıb yaratdığı, zəngin tarixi və mədəni irsi ilə seçilən müqəddəs bir yurd yeridir. Bu ərazi təkcə coğrafi məkan deyil, həm də xalqımızın yaddaşında silinməz izlər buraxmış, mədəniyyətimizin, memarlığımızın və milli dəyərlərimizin daşıyıcısı olmuş bir vətən guşəsidir.

Rayon İcra hakimiyyətinin başçısı Qərbi Azərbaycanın memarlıq abidələri ilə zəngin olmasına da xüsusi diqqət çəkib. O qeyd edib ki, İrəvan qalası, Göy məscid, Sərdar sarayı, qədim mədrəsələr, körpülər və karvansaralar bu torpaqlarda Azərbaycan mədəniyyətinin canlı izlərini bu günədək qoruyub saxlayır. Təəssüf ki, zaman-zaman baş verən siyasi hadisələr nəticəsində bu irsimizə qarşı mənimsəmə və məhv etmə cəhdləri də olub. Lakin xalqımız bu abidələrin tarixi və mənəvi dəyərini heç vaxt unutmur. Bu gün də Qərbi Azərbaycan mövzusu hər bir azərbaycanlının yaddaşında xüsusi yer tutur. Orada doğulub ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

RİH başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib.

M.Seyidov Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.





Seçilən
116
4
qafqazinfo.az

5Mənbələr