AZ

Gəncənin yaralı yaddaşı memoriala çevrilir – VİDEO

Gəncə Memorial Kompleksində tikinti və abadlıq işləri son mərhələyə çatıb. Kompleks 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətlərin əyani şəkildə təqdim olunması məqsədilə inşa olunur.

KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov azərtac-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, ümumi sahəsi 4 hektar olan Memorial Kompleksdə ikimərtəbəli muzey binası, sərgi və konfrans zalları nəzərdə tutulub. Onun sözlərinə görə, muzeydə mülki əhaliyə qarşı törədilmiş cinayətləri əks etdirən ekspozisiyalar ziyarətçilərə təqdim ediləcək, həmçinin dağıdılmış binaların izləri nümayiş olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.

Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılır. Parkda 700-ə yaxın ağac, 12 mindən çox dekorativ kol və gül əkiləcək. Ermənistan ordusunun Gəncəyə atdığı raket zərbəsini simvolizə edən spiralvari krater isə memorialın əsas elementlərindən biri olacaq. Onun dərinliyi 13 metr təşkil edir.

Hazırda muzey binasının daxili işləri, ekspozisiyanın hazırlanması və ətraf ərazidə abadlıq prosesi davam etdirilir.

Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış etsə də, xalqımıza qarşı törədilmiş cinayətlərin unudulmaması və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından Gəncə Memorial Kompleksi mühüm əhəmiyyət daşıyır.

Gəncənin
Seçilən
38
2
konkret.az

3Mənbələr