AZ

Sumqayıtda Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması üçün tədbirlər görülür

Bakı, 21 avqust, AZƏRTAC

Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri çərçivəsində Azərbycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin 22-ci və 36-cı məhəllələrində zərərverici ilə sirayətlənmiş tut ağacları, eləcə də digər yaşıllıq sahələri dərmanlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan fitosanitar tədbirlərin əsas məqsədi zərərvericinin sayını azaltmaqdır.

Ən təhlükəsiz mübarizə üsulları park, yolkənarı və həyətyanı sahələrdə torlar olan budaqların kəsilməsi və yandırılması, tırtılların isə mexaniki yolla məhv edilməsidir. Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında torpağın şumlanması işləri aparılmalıdır.

Agentlik bildirir ki, Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə yayılan karantin tətbiq edilən zərərvericidir. İqlimə uyğun olaraq, il ərzində bir neçə nəsil verə bilir. Bu zərərvericiyə Azərbaycanda Quba-Xaçmaz, Lənkəran-Astara və Bakı-Abşeron bölgəsinin bəzi rayonlarında rast gəlinir. 2024-2025-ci ildə agentlik tərəfindən aparılan monitorinqlər çərçivəsində Zaqatala və Balakən rayonlarının bəzi ərazilərində də aşkarlanıb.

Amerika ağ kəpənəyinin sürfələri yarpaq ayasının əsas toxuması ilə qidalanaraq bitkinin yaşıl kütləsinə ziyan vurur. Zərərvericinin meyvə bitkilərinə vurduğu ziyan isə məhsul itkisi ilə nəticələnir. Üçüncü yaş mərhələsində olan sürfələr bir neçə yarpağı bir-birinə bağlayaraq tor yuvalar qurub, sürü halında yayılır və budaqdan budağa keçir. Beşinci yaş mərhələsindən etibarən sərbəst həyat tərzinə qayıdırlar. Azərbaycanda əsasən tut ağacına ziyan vurur.

Vətəndaşlardan həmin zərərvericiyə rast gəlindiyi halda, mexaniki yolla məhv etməyə çalışmaq, bu mümkün olmadıqda isə aidiyyəti qurumlara məlumat vermək xahiş olunur. Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınmasında hər kəsin iştirakı vacibdir.

 

 

Seçilən
5
2
azertag.az

3Mənbələr