AZ

“Pis sürücü” adı ilə “QAİ-yə dəvət... - “24-cü kabinet”in SİRRİ

“Dünən mənim şəxsi telefon nömrəmə zəng gəldi. Qarşı tərəf soruşdu ki, filan dövlət nömrə nişanlı maşın sizə məxsusdurmu? Cavab verdim ki, bəli. Özünü yol polisi kimi təqdim edən şəxs bildirdi ki, guya Qaraçuxur qəsəbəsində reyd keçirilir və mənim sürücülük davranışlarım “pis sürücü” adı altında qara dəftərə salınıb. Hətta əlavə etdi ki, guya mən Baş Dövlət Polis İdarəsinin “24-cü kabinetinə” getməliyəm, əks halda axşam saatlarında barəmdə protokol tərtib olunacaq”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Arzuman Nəbiyev çıxış edib.

A.Nəbiyev bildirib ki, bu gün ona başqa bir nömrədən zəng gəlib:

“Bu dəfə də məndən soruşuldu ki, sizə zəng olunubmu? Səbəb kimi yenidən guya “pis sürücü” adı ilə qara dəftərə düşməyim göstərildi. “Nə etməliyik?” sualına isə qarşı tərəf yalnız “özün düşün” cavabını verdi. “Mənə görüntüləri təqdim edə bilərsinizmi?”- sualına isə şəhər “QAİ”sinə gələrsiniz, orada sizə sübut edərik dedi və telefonu söndürdü.
Bu gün XXI əsrdə yaşayırıq, amma hələ də cərimə haqqında məlumat almaq üçün vətəndaş məcbur edilir ki, şəhərin mərkəzində yerləşən idarəyə gedib saatlarla əsəb keçirsin. Ən gülməlisi də odur ki, zəng vurub deyirlər: “Cəriməniz var, gəlin baxın”.
İndidə pis sürücü qara dəftər mövzusu.

Axı hansı dövrdə yaşayırıq? Elektron hökumət sistemləri, “myGov”, “ASAN xidmət” adıyla minlərlə layihə hazırlanır, amma sadə bir cəriməni vətəndaş şəffaf şəkildə onlayn görə bilmir.

Bu gün dünyanın hər yerində insan bir düymə ilə telefonundan cəriməsini görür, şəkilini açır, etirazını bildirir. Bizdə isə “şəhər qaisi”ndən zəng gəlir, “gəl bax” deyirlər. Hansı zəmanədir bu? İnsanların vaxtı, əsəbi, siniri bu qədər dəyərsizdirmi?”

Jurnalist qeyd edib ki, ən böyük problem isə bu zənglərin qanuniliyinin sual altında olmasıdır:

“Dövlət qurumu vətəndaşı zənglərlə çaşdırmamalıdır. Bütün məlumatlar rəsmi elektron sistemdə olmalıdır. Əgər mənim cəriməm varsa, qoy rəsmi kabinetimdə görünsün, xəbərdarlıq mesajı gəlsin. Mən də qanuni qaydada baxım və lazım olsa, şikayət edim.
Bu gün insanı avtobus zolağına girməkdə ittiham edirlər. Amma vətəndaş əmin olduğunu sübut edə bilmək üçün küçə-küçə gəzib “parkovka zülmü”nə dözməlidir. Halbuki, cəmiyyətin inkişafı və ədalətin təminatı üçün şəffaflıq əsas şərtdir.

Sual açıq qalır: nəyə görə hələ də texnologiya əsrində köhnə üsullarla vətəndaşı əsəbiləşdirirlər? Və ən əsası, bu qanunsuz zənglərin qarşısını alan niyə yoxdur?”


Xəbər 2 dəfə oxunub.
Seçilən
25
xezernews.az

1Mənbələr