Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib.
"Cebheinfo.az" xəbər verir ki, müraciətdə qeyd olunub ki, ötən gün axşam saatlarında Nərimanov rayonunun Ziya Bünyadov və Yasamal rayonunun Tbilisi prospektlərində bir neçə nasaz yük avtomobilinin yollarda qalması metronun“20 Yanvar”, “Koroğlu”stansiyaları və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
“Yüklə dolu belə avtomobillərin yollardan kənarlaşdırılması vaxt tələb etdiyindən digər nəqliyyat vasitələri dəqiqələrlə sıxlıqda qalmalı olur. Xüsusilə də bəzi yük avtomobillərinin sürücüləri belə vəziyyətdə təhlükəsizlik qaydalarına əməl etmədiyindən qəza riski yaranır”, - deyə məlumatda vurğulanıb.
NİİM yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirib ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalıdır.
Avtomobil yolun hərəkət hissəsində texniki nasazlıq səbəbindən məcburi dayandıqda isə təhlükəsizlik təmin olunmalı, qəza dayanma nişanı qoyulmalı və işıq siqnalı yandırılmalıdır.
"Cebheinfo.az"