AZ

Dəhliz marşrutu İran-Ermənistan sərhədindən aralı keçəcək: Bir km-lik məsafə müəyyənləşir - MÜSAHİBƏ

BAKI, 21 avqust. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin İran və Rusiyanın da faydasına olacağına dair açıqlamalar verir. İrəvan tərəfdaşlarını bu məsələyə inandıra biləcəkmi?

- Əslində, İran bu məsələ ilə bağlı özünün tarixdən gələn instinktlərini kənara qoyub, proseslərə praqmatik gözlə baxsa, regionda açılacaq kommunikasiya xətlərinin onun faydasına olduğunu dərk edər. Bununla bağlı Azərbaycan da İrana mühüm bir jest edib. Zəngəzur dəhlizinə paralel İran ərazisindən keçməklə Naxçıvana gedəcək yolla bağlı Bakı ilə Tehran arasında vacib razılaşma var. Artıq yolun tikintisinə başlanılıb. Bu, İran üçün əlavə iş yeri və investisya imkanı deməkdir. Zəngəzur dəhlizi və digər kommunikasiya xəttlərinin açılması İranın Azərbaycan vasitəsi ilə Ermənistan üzərindən Gürcüstana, Qara dənizə çıxışı yaranır. Beləliklə, onun Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulması asanlaşır.

- İran tərəfi Ermənistanla şimal sərhəddinin bağlanacağından ehtiyat etdiyini bildirir. Bu nə dərəcədə məntiqli yanaşmadır?

- Dəhlizin açılması ilə İran-Ermənistan sərhəddinin tamamilə qapanması deyilən bir anlayış yoxdur. Atılan addımların heç biri İran-Ermənistan sərhəddinin bağlanması üçün deyil. Çünki yaranacaq kommunikasiyalar sərhədin sıfır nöqtəsindən keçmir. Kommunikasiyalar sərhəddən aralı keçəcək. Bunun sərhəddən 1 km-ə yaxın məsafədə aralıqdan keçəcəyi hələ dəqiqləşməsə də, proses məhz belə olacaq. Bu daha çox relyefdən və keçmiş yolların haradan daha rahat keçməsinən asılıdır. Ona görə də İranın sərhədin bağlanacağı ilə bağlı iddiaları keçərli arqument deyil.

- Bu halda Tehranın əsas narahatlığı nədən ibarətdir? İran tərəfi nəyə əsasən dəhlizə qarşı bu qədər sərt reaksiya verir?

- İranın əsas narahatlığı açılacaq kommunikasiya xəttlərinin türk dünyasının birləşməsi ilə bağlıdır. Bu gün İranda 35 milyondan artıq Azərbaycan türkü yaşayır ki, onların gələcəkdə bu yol vasitəsi ilə türk dünyasına inteqrasiyasının mümkünlüyü amili bəzi qüvvələri narahat edir. Məhz İrandakı mühafizəkar qrupu kommunikasiya xəttlərinin açılması ilə bağlı məsələdən çəkindirən amil budur. İqtisadi cəhətdən ciddi fürsətlər yaradacaq Zəngəzur dəhlizinin onlar üçün faydalı olacağını bildikləri halda digər amillərə görə buna qarşı çıxırlar.

- Rusiya tərəfi isə iddia edir ki, İran-Ermənistan sərhədini biz qoruyuruq. Bu halda Amerika əsgəri orada dəhlizə nəzarəti necə təmin edəcək?

- Zəngəzurdan açılacaq kommunikasiya xətti İran-Ermənistan sərhədindən bir km-lik bir məsafədə aralı keçə bilər. Ermənistan sərhədini rus sərhədçiləri qoruyursa, bu erməni tərəfinin problemidir. Bununla bağlı onların Azərbaycana təsir və təklifləri ola bilməz. ABŞ tərəfi də bu amili nəzərə alaraq kommunikasiyaların sərhəddən bir xeyli uzaqdan keçməsinə çalışacaq. Dəhlizə də ABŞ və Ermənistanın razılaşması əsasında bir konsersium nəzarət edəcək. Rusiya tərəfinin arqumenti açılacaq kommunikasiya xəttlərinə təsir edəcək amilə çevrilməməlidir.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr