118 saylı Ağdam-Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov Qarabağda evi olduğu halda orada yaşamayan sakinlərin evlərinin əllərindən alınacağı barədə iddialara münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, belə halların qarşısı alınmalıdır.
“Hazırda Xocalı ərazisindəyəm. Xocalı şəhərinə, Təzəbinə, Ballıca, Xanyurdu kəndlərinə köç olub. Köçürülən insanlar hazırda öz evlərində yaşayırlar. Ola bilər, digər yerlərdə sözügedən hal var. Axı biz uzun illər – 30 ildən çox doğma yurd-yuvamıza qayıtmaq həsrəti ilə yaşamışıq. Çoxsaylı şəhidlər vermişik. Şəhidlərimizin qanı, canı hesabına torpaqlarımızı azad etmişik. Məqsəd nə idi? Doğma yurd-yuvamıza qayıtmaq, torpaqlarımıza sahib çıxmaq. Bu insanlar indi yenidən Qarabağdan geri qayıdırlarsa, onlara heç cür haqq qazandırmaq olmaz. Belə hal var varsa, pislənməli, tədbir görülməlidir. Evləri əllərindən alınmaqdansa, Qarabağda yaşamalarına nəzarət etmək daha yaxşı olar. Köçürülən insanlar işlə təmin edilməlidirlər. İşsiz, ehtiyac içində qalmamalıdırlar. Vaxtaşırı mətbuatda məlumatlar işıqlandırılır ki, Qarabağda əhalimizə yaşayış üçün evlər tikilməklə bərabər iş yerləri də yaradılır. Yəni şərait var. Kimsə hansısa səbəbdən Qarabağa köçübsə, qapısını bağlayıb, gedib başqa yerdə yaşayırsa, ona qarşı lazımi tədbir görülməlidir. Belə insanlara heç cür haqq qazandırmaq olmaz”, - deputat bildirib.
Aytəkin Qardaşova