AZ

Gəncədə üç mühüm layihə üzrə media-tur təşkil edildi

GƏNCƏ, 21 avqust. TELEQRAF

Gəncə şəhərində bir sıra mühüm infrastruktur və sənaye layihələrinə mediatur təşkil olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, tur çərçivəsində jurnalistlər Gəncə şəhər stadionunda aparılan yenidənqurma işləri, “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsi və Gəncə Memorial Kompleksi ilə tanış olublar.

Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən və 1964-cü ildən istismarda olan Gəncə şəhər stadionu müasir standartlara uyğun şəkildə yenidən qurulur. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, layihənin həyata keçirilməsi üçün ilkin olaraq bir milyon manat ayrılıb. Ötən il aprelin 9-da dövlət başçısı stadionun təməlini qoyub. Yeni layihəyə görə, stadionun ərazisi 12 hektardan çox olacaq və UEFA-nın 4-cü kateqoriya standartlarına cavab verəcək. Tamaşaçı tutumu 15 min 343 yer nəzərdə tutulub. Burada köməkçi meydançalar, Futbol Akademiyası, VIP və media zonaları, soyunma otaqları, konfrans, tibb, texniki heyət üçün bölmələr, bilet satışı məntəqələri, iaşə obyektləri, avtodayanacaq və digər zəruri infrastruktur qurulur. Stadion həmçinin UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet və təhlükəsizlik sistemləri ilə təchiz ediləcək. Avqustun 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada görülən işlərin gedişi ilə tanış olublar.

Mediatur zamanı jurnalistlər, həmçinin, “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinə də baş çəkiblər. Burada İsveç və Türkiyə texnologiyaları əsasında ildə 360 min ton orqanik gübrə istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsinin investisiya dəyəri 27 milyon manat təşkil edir və müəssisədə ilkin olaraq 200 nəfər işlə təmin olunacaq. İkinci mərhələdə isə bazalt əsasında yüksək texnoloji məhsullar – bazalt lifi, filamen (3D printer üçün xammal) və digər sənaye materiallarının istehsalı nəzərdə tutulur. Bu mərhələdə əlavə 300 nəfərin işlə təmin olunması gözlənilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də müəssisənin təməlqoyma mərasimində iştirak ediblər.

Mediaturun növbəti ünvanı Gəncə Memorial Kompleksi olub. 4 hektar ərazidə inşa edilən kompleks Ermənistanın 44 günlük Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı törətdiyi cinayətləri əks etdirəcək. Burada ikimərtəbəli muzey binası və sərgi zalı yaradılır. Kompleksdə mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı ekspozisiyalar, dağıdılmış binaların yerlərinin maketləri, həmçinin həmin hadisələri əks etdirən foto və video materiallar təqdim olunacaq. Avqustun 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Memorial Kompleksdə aparılan işlərlə də tanış olublar.

Seçilən
9
teleqraf.com

1Mənbələr