AZ

Misirdə Aralıq dənizinin dibində tapılan qədim artefaktlar nümayiş etdirilib

Bakı, 21 avqust, AZƏRTAC

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi Aralıq dənizinin dərinliklərində aşkar edilmiş artefaktları, o cümlədən minlərlə il əvvəl çiçəklənən sivilizasiyaları əks etdirən nadir heykəllər, dulusçuluq və zərgərlik məmulatlarını nümayiş etdirib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İsgəndəriyyə Milli Muzeyində turizm naziri Şərif Fəti və İsgəndəriyyə valisi Əhməd Xalid Misir və beynəlxalq media nümayəndələrinin iştirakı ilə “Batmış şəhərin sirləri” adlı arxeoloji sərginin açılışını ediblər.

Sərgi ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Muhammed İsmayıl Xalid bildirib ki, bu eksponatlar ilk dəfədir ki, sualtı antik əşyalara həsr olunub və sərgi altı ay davam edəcək. Onun sözlərinə görə, sərgiyə 86 nadir əsər daxildir.

Unikal sərgidə Avropa Sualtı Arxeologiya İnstitutu tərəfindən 2000-ci ildən Misirin şimalındakı körfəzdən tapılan əsərlər kolleksiyası və İsgəndəriyyənin qədim şərq limanının suları altında qalmış “Kral məhəllələri”ndən götürülən parçalar nümayiş etdirilir.

Yerli mətbuatın məlumatına görə, Misir cümə axşamı günü ölkənin şimalındakı Əbu Qir limanında Aralıq dənizindən bir sıra əlavə sualtı artefaktlar çıxaracaq.

 

Seçilən
16
4
azertag.az

7Mənbələr