Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI) işçilərini 40 faiz ixtisar etməyi və 700 milyon dollardan çox büdcə kəsilməsini həyata keçirməyi planlaşdırır.
Editor.az bu barədə NewsNation-ın məlumatına istinadla xəbər verir. Sayt yüksək səviyyəli kəşfiyyat məmurunun məlumatlarına istinadən bildirir ki, bu əhəmiyyətli heyət və büdcə ixtisarı ODNI-də hərtərəfli restrukturizasiyanın bir hissəsidir. Bu dəyişikliklərin sentyabrın 30-dan qüvvəyə minməsi gözlənilir.
Hesabatda qeyd olunub ki, bu tədbirlər ODNI-də təxminən iyirmi il əvvəl yaranandan bəri həyata keçiriləcək ən əhatəli islahatlardır.
Rəsmilər, ODNI-nin əsas missiyasını qoruyaraq bürokratik yükü azaltmağı hədəflədiyini, lakin milli təhlükəsizlik təhdidlərinin artmasına baxmayaraq, qurumun strukturunun illərdir əsasən dəyişməz qaldığını bildirib.
Məlunatda həmçinin qeyd olunub ki, ODNI-nin yenidən strukturlaşdırılması prosesi Ağ Evlə koordinasiya əsasında həyata keçirilib və o zamankı prezident Donald Tramp bu prosesdən məlumatlandırılıb.
Qeyd edək ki, 2004-cü ildə ABŞ Konqresi tərəfindən qəbul edilən Kəşfiyyat İslahatı və Terrorizmin Qarşısının Alınması Aktı 11 Sentyabr Komissiyasının tövsiyələrinə uyğun olaraq hazırlanmış və ölkənin 18 müxtəlif kəşfiyyat qurumu arasında koordinasiyanı artırmaq üçün ODNI-nin yaradılmasına zəmin hazırlamışdır.
//Gülnarə Abasova, Editor.az