AZ

Gəncə şəhər stadionu ən müasir standartlara cavab verəcək

ain.az, Azertag saytına istinadən bildirir.

Gəncə, 21 avqust, Elcan Məmmədov, AZƏRTAC

Bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, yarışın açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək.

Oyunların keçiriləcəyi əsas məkanlardan biri hazırda tikintisi sürətlə davam edən Gəncə şəhər stadionu olacaq. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.

Gənclər və İdman Nazirliyinin Maddi-texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, 2024-cü ilin aprel ayında təməli qoyulan stadion müasir və modern üslubda qısa müddət ərzində tikilərək başa çatmaq üzrədir: “Hazırda stdionda və ərasisində son tamamlama işləri icra olunur. Stadionun ərazisi əvvəllər 8.7 hektar olsa da, yenidənqurma işləri çərçivəsində 12 hektardan artıq olub. Bu da tamaşaçı və idmançıların stadiona təhlükəsiz daxil olmasına və çıxışına şərait yaradacaq”.

Bildirilib ki, UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.

Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
37
azertag.az

10Mənbələr